Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəfər paradında üç qardaş liderin birlikdə olması, beynəlxalq ictimaiyyətə verilmiş növbəti mesajdır

Zəfər paradında üç qardaş liderin birlikdə olması, beynəlxalq ictimaiyyətə verilmiş növbəti mesajdır


"Zəfər paradında Türkiyə və Pakistan liderlərinin iştirakı, hər şeydən əvvəl arzu olunan müsbət hadisə kimi tarixə düşəcəkdir. Bu o deməkdir ki, hər iki qardaş dövlət, tarixi ənənələrinə sadiq qalaraq, dünyaya birlik, qardaşlıq, əməkdaşlıq nümayiş etdirirlər".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Vətən müharibəsinin ilk günündən bəri Türkiyə və Pakistan, Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan etdilər:

"Həmin dövrdə, onların siyasi, mənəvi dəstəyinə böyük ehtiyacımız vardı. Qlobal güclər tərəfindən Ermənistana verilən dəstək böyük idi və müharibənin dayandırılması üçün Azərbaycana təzyiqlər edilirdi. Həmin güclərin neytrallaşdırılmasında Türkiyənin və Pakistanın əhəmiyyətli rolu oldu. Dünya gördü ki, biz tək deyilik. Hansısa üçüncü qüvvə müdaxilə edərsə, qarşısında iki böyük hərbi gücü görəcəkdir".

Nəsib Məhəməliyev qeyd edib ki, Zəfər paradı günü üç qardaş liderin birlikdə olması, beynəlxalq ictimaiyyətə verilmiş növbəti mesajdır:

"Üç ölkənin hər birinin güclü döyüş qabiliyyəti ilə seçilən ordusu var. Üstəlik, Pakistan nüvə silahına malikdir. Hər üç ordu, döyüşlərdə sınanmış və çoxsaylı qələbələr qazanmışdır. Müasir dünyada hüququn, ədalət prinsiplərinin işləmədiyi zamanda, güc çox şeyi həll edir. Bu baxımdan, Azərbaycanın ətrafında, Türkiyə və Pakistan kimi güclərin olması, təhlükəsizlik kəmərimizin möhkəmliyini göstərir. Bu konfiqurasiyanın müəllifi, Prezident İlham Əliyevdir. Xalqımız rahat yata bilər".

Süleyman
Xəbəri paylaş