
"TDT Üzv Ölkələrin QHT-lərinin Həmrəylik Forumu Türk Dünyasının İnkişaf və integrasiyası strategiyasında yeni mərhələ sayıla bilər".
Bunu Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai birlik rəsmisi qeyd edib ki, Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin qeyri-hökumət təşkilatlarını bir araya gətirən həmrəylik forumu son illərdə Türk dünyası miqyasında sosial, humanitar və ictimai diplomatiyanı gücləndirən ən mühüm təşəbbüslərdən biri kimi çıxış edir:
"Bu platforma dövlətlərarası əməkdaşlığı tamamlayan “yumşaq güc” mexanizmi funksiyasını yerinə yetirərək, inteqrasiya proseslərinin dərinləşməsinə strateji töhfələr verir".
Ruhiyyə Mehdiyeva deyib ki, qloballaşma dövründə regional birliklər yalnız siyasi və iqtisadi resurslarla deyil, vətəndaş cəmiyyəti institutları ilə də güclənir:
"Avropa İttifaqı, ŞƏT və ASEAN kimi birliklərin uğurlu modeli göstərir ki, davamlı inteqrasiyanın əsas dayaqlarından biri məhz QHT-lər arasında koordinasiyalı əməkdaşlıqdır.
Türk dünyasında böyük demoqrafik potensial, enerji ehtiyatları, nəqliyyat-logistika şəbəkələri və ortaq mədəniyyət olsa da, bu güclərin vahid strateji sinerjiyə çevrilməsi üçün ictimai platformaların rolu artır. TDT-nin QHT-lər Forumu məhz bu boşluğu dolduran mühüm institusional addımdır.
Forum müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyəti institutlarını eyni masa arxasında toplayaraq üç əsas funksiyanı yerinə yetirir. Birincisi, sosial inteqrasiyanın gücləndirilməsidir ki, nəticədə mədəniyyət, təhsil, gənclər, gender, sosial rifah və humanitar sahələrdə ortaq layihələr xalqlar arasında ünsiyyət artırır. Eyni zamanda “vahid türk kimliyi” anlayışını möhkəmləndirir.
İkincisi QHT-lərarası şəbəkənin genişləndirilməsidir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının QHT-ləri arasında əməkdaşlıq platformaları formalaşır. Bu isə gələcəkdə ortaq fondların, regional təşəbbüslərin və mötəbər humanitar layihələrin yaranmasına zəmin yaradır.
Nəhayət, üçüncüsü dövlətlərarası qərarlara ictimai dəstək gəlir.
QHT-lər cəmiyyətlə dövlət arasında körpü rolunu oynadığı üçün, forum nəticəsində formalaşan ictimai rəy TDT çərçivəsində qəbul olunan qərarların legitimliyini və effektivliyini artırır".
Cavid










































