
“İranda uzun illərdir zaman-zaman baş qaldıran etirazların əsas hədəfə çatmaması bir neçə amillə izah oluna bilər. Şübhəsiz ki, ən önəmli faktor dövlətin güclü repressiv mexanizmləridir. Polis, İnqilab Keşikçiləri Korpusu və digər təhlükəsizlik orqanları etirazçıları güc yolu ilə, bir sıra hallarda silahdan istifadə edərək dağıtmaq, liderləri həbs etmək və informasiya axınını məhdudlaşdırmaqla aksiyaları tezliklə səngidir. Bu repressiv siyasət etirazçıların davamlı və mərkəzləşdirilmiş fəaliyyətini çətinləşdirir”.
Bunları Newscenter.az-a AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov deyib. O bildirib ki, digər mühüm amil liderlik və təşkilatlanma çatışmazlığıdır:
“Etirazlar çox vaxt spontan və lokal xarakter daşıyır, yəni mərkəzləşdirilmiş və sistemli strategiya yoxdur. İnsanlar fərdi və qrup səviyyəsində etiraz etsələr də, aksiyalar uzunmüddətli təsir göstərmək üçün koordinasiya edilməmiş qalır. Daha bir faktor iqtisadi və sosial təzyiqlərdir. İran əhalisi yüksək inflyasiya, işsizlik və gündəlik həyatın çətinlikləri ilə üzləşir. Uzunmüddətli etirazlar şəxsi təhlükə və maliyyə itkiləri ilə müşayiət olunduğu üçün insanlar hər zaman davamlı iştirak göstərə bilmirlər. Eyni şəkildə xarici təsirlərin məhdudluğu da öz sözünü deyir”.
Rəşad Bayramovun sözlərinə görə, beynəlxalq dəstək və qlobal mediada əks-səda etirazları müəyyən dərəcədə gücləndirsə də, İranın sərhədləri və informasiya blokadası xarici təsirləri zəiflədir:
“Nəhayət, ideoloji və sosial struktur də etirazların təsirini məhdudlaşdırır. İranda dərin dini və ideoloji bazaya malik sosial sistem mövcuddur və cəmiyyətin müəyyən hissəsi hələ də status-kvonu dəstəkləyir. Bu, aksiyaların daha da geniş sosial dəstək əldə etməsini çətinləşdirir”.
Süleyman










































