Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

EMTA “Unibank” ilə müqavilə imzaladı

EMTA “Unibank” ilə müqavilə imzaladı


Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Unibank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Newscenter.az xəbər verir ki, müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və “Unibank“ ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov imzalayıblar.

Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq nəticəsində Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. O, qeyd edib ki, Fondun vəsaiti hesabına veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.

Heybət Qədirov bütün sahələrdə effektivliyin vacib olduğunu, eləcə də energetika sahəsində enerji səmərəliliyinin aktuallığını diqqətə çatdırıb. O, “Unibank”ın bu istiqamətdə həyata keçirdiyi layihələrə diqqət çəkərək, qarşılıqlı əlaqələrin davamlı inkişafı şəraitində əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

Süleyman
Xəbəri paylaş