Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəs dayanıqlı olacaqmı?

Atəşkəs dayanıqlı olacaqmı?


8 aprel tarixində ABŞ Pakistanın vasitəçiliyi ilə İranla iki həftəlik atəşkəs rejiminin əldə olunması barədə razılığa gəldilər. İlk növbədə vasitəçi rolunda Pakistanın çıxış etməsi maraqlı faktdır. Pakistan Çinin ən sıx bağlı olduğu və ciddi hərbi və iqtisadi dəstək aldığı ölkələrdəndir. Həmçinin, Çin İran rejiminin öz mövcudluğunu qoruyub saxlanmasında ən maraqlı tərəf dövlətlərdən biridir. Bu baxımdan düşünürəm ki, İranı rejimini tam məhv olmadan danışıqlar masasına oturmağa vadar edən sadəcə daxili qüvvələr və amillər deyil.

Atəşkəs rejiminin birinci günü əldə olunmuş şərtlərin təmin olunmadığı ilə diqqəti cəlb etmişdir. İran tərəfi Livanda aparılan hərbi əməliyyatlar səbəbindən Hörmüz boğazını keçidə açmaqdan imtina etmişdir. Qarşı tərəf isə İranla əldə olunmuş atəşkəsin Livana heç bir aidiyyatının olmadığını bildirir. Danışıqlar prosesinin ayın 10-da başlayacağına baxmayaraq tərəflər indidən bir birini atəşkəs anlaşmasına əməl etməməkdə ittiham edirlər.

Atəşkəs rejimi dayanıqlı olacaqmı və ölkələr arasındakı münasibətlər indiki halda danışıqlar yolu ilə öz həllini tapa bilərmi? Bu suala birmənalı cavab vermək çətin olsa da, mənim qənaətimcə yox. Doğrudur ABŞ, İsrail cütlüyü İranın nüvə proqramına, ballistik raketlərin istehsalı müəssisələrinə və buraxılış qurğularına, hərbi-hava qüvvələrinə, hərbi dəniz qüvvələrinə, dövlətin bir sıra infrastrukturlarına ağır zərbələr endiriblər. Həmçinin ölkənin faktiki rəhbəri, siyasi hakimiyyət nümayəndələri, ordu və digər güc strukturlarının rəhbərlərinin əksətiyyəti fiziki cəhətdən məhv edilib. Lakin öldürülən şəxslərin yerinə dərhal yeni təyinatlar həyata keçirilib və bu qurumlar öz fəaliyyətlərini mövcud imkanlar daxilində davam etdirməkdədirlər. Ölkənin quru qoşunları isə öz hərbi gücünü və hakimiyyətə sədaqətini qoruyub saxlamaqdadır.

Danışıqlar öncəsi ABŞ İran səmasında tam üstünlüyə nail olsa da, qarşılığında İran Hörmüz boğazını keçidə bağlamaqla dünyanı böyük yanacaq qıtlığı və iqtisadi böhranla təhdid etməkdədir. ABŞ və İsrail hərbi əməliyyatın əsas məqsədi olan hakimiyyət dəyişikliyinə hələ ki, nail ola bilməyiblər. Hakimiyyət dəyişikliyini təmin edəcək xalqın dinc etirazlarının, silahlı etirazların, hakimiyyətdaxili ciddi fikir ayrılığının isə ümumiyyətlə işartıları yoxdur. Hərbi yolla məqsədinə nail ola bilməyən ABŞ və İsrail cütlüyü danışıqlar masasında təhdid və şantaj yolu ilə məqsədlərinə nail olmaq ümidindədirlər. Fikrimcə bu danışıqlar müsbət nəticə ilə bitməyəcəkdir və hətbi əməliyyatlar müəyyən müddətə davam edəcəkdir. ABŞ-ın İranda hakimiyyətə gətirmək istədikləri qüvvələr (və ya hakimiyyətdə olub ABŞ-ın tələblərinə uyğun gələn qüvvələr) hələ azlıqdadırlar və ABŞ-la İsraili qane edəcək qərarlar vermək gücündə və ya səlahiyyətində deyillər. ABŞ və İsrailin isə əsas tələbləri aşağıdakılardır: Çinə neft satışını nəzarətə götürmək, İsrailə qarşı nifrət üzərində qurulmuş xarici siyasətə son qoymaq, nüvənin zənginləşdirilməsi ilə bağlı fəaliyyətə son qoymaq, regionda yerləşən proksi qüvvələrə siyasi, maliyyə və hərbi dəstəyə son qoymaq, orta və uzun mənzilli ballisstik raketlərin istehsalını və inkişafını həyata keçirməmək. Bu nəticələrin danışıqlar yolu ilə əldə olunması isə İranın hələ də hərbi gücünü və siyasi birliyini qoruyub saxlaması səbəbindən mümkün görünmür. İranı danışıqlar masasına oturmağa vadar edən qüvvə və amillər ölkə üçün bu qədər taleyüklü qərarlar qəbul etmək gücündə deyil.

Elçin Ağamalı, siyasi şərhçi
Xəbəri paylaş