Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kipr məsələsi simvolik deyil, stratejidir

Kipr məsələsi simvolik deyil, stratejidir


"Qardaş Qazaxıstanın Kipr Rum kəsiminin liderinə verdiyi mükafat, İbrahim antlaşmasına daxil olması sıradan diplomatik jest kimi görülməməlidir və bu Türk birliyinin gələcəyi ilə bağlı strateji oxunuş tələb edən bir məsələdir".

Newscenter.az xəbər verir ki, bunları Türk-İslam Araşdırmalar Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu deyib. Onun sözlərinə görə, Qazaxıstan bir müddət əvvəl Türk Dövlətləri Təşkilatı çərçivəsində KKTC liderini qəbul etmiş, ortaq siyasi iradəyə sadiqlik nümayiş etdirmişdi:

"Məncə bu iki addım arasındakı ziddiyyət təsadüf deyil, balans siyasətinin sərhədlərini aşan bir tərəddüdün də göstəricisidir. Bu gün beynəlxalq sistem sərt güc rəqabəti ilə formalaşır. Belə bir mühitdə orta və kiçik güclər çoxvektorlu siyasət yürütməyə çalışır. Lakin bu siyasət, strateji kimlik və ittifaq şüuru ilə tənzimlənmədikdə, etibarlılıq probleminə çevrilir. Türk dünyası üçün əsas məsələ də məhz budur: biz ortaq platformalarda birlik mesajı verərkən, fərdi addımlarla bu mesajı zəiflədirikmi?

Türk birliyi yalnız mədəni romantizm deyil, geosiyasi zərurətdir. Enerji xətləri, nəqliyyat dəhlizləri, təhlükəsizlik arxitekturası — bütün bunlar koordinasiyalı davranışı tələb edir. Əgər üzv dövlətlər bir-birinin qırmızı xətlərini nəzərə almırsa, bu, inteqrasiyanın institusional dərinliyinin yetərli olmadığını göstərir".

Mərkəz rəhbəri qeyd edib ki, Kipr məsələsi isə simvolik deyil, stratejidir:

"KKTC, Aralıq dənizində yalnız bir siyasi qurum deyil, Türkiyənin və dolayısı ilə Türk dünyasının dəniz çıxışlı təhlükəsizlik perimetrinin bir hissəsidir. Bu həqiqəti nəzərə almadan atılan hər addım, yalnız Ankaraya deyil, bütövlükdə Türk inteqrasiyasına zərbə vurur.

“Balans siyasəti” adı altında atılan bu tip jestlər qısa müddətli diplomatik rahatlıq gətirə bilər, lakin uzun müddətdə strateji güvəni aşındırır. Dövlətlər yalnız iqtisadi maraqlarla deyil, etibarlılıq və öngörülebilirliklə də dəyər qazanır. Bu nöqtədə sual açıqdır: Türk dövlətləri ortaq gələcək qurmaq iddiasındadırsa, bu gələcək hansı prinsiplər üzərində yüksələcək — situativ maraqlar üzərindəmi, yoxsa strateji həmrəylik üzərindəmi? 85 milyonluq Türkiyənin və yüz milyonları aşan Türk dünyasının strateji ümidlərini zədələyəcək addımlar, hansı real qazanc qarşılığında atılır?

Əgər bu suallara aydın cavab yoxdursa, problem təkcə bir qərarda deyil — yanaşmanın özündədir".

Arzu
Xəbəri paylaş