
Son günlər Mingəçevirin təhsil sistemində baş verən özbaşınalıqlar bu şəhərin təhsil ictimaiyyətini nümayəndələrini müvafiq qurumlara müraciət etmək məcburiyyətində qoyub.
Newscenter.az xəbər verir ki, sözügedən şəhərdəki körpələr evi-uşaq-bağçasında çalışan Sevinc Məmmədova da bu məqsədlə Prezident Administrasiyasın müraciət ünvanlayıb. Sevinc Məmmədova buna səbəb kimi haqlı olduğu, bunu hər kəsin bildiyi halda, susqunluğun və qərəzin qarşısında tək qalmasını göstərib. Uzun illərdir vicdanla çalışdığını. uşaqların təlim-tərbiyəsi üçün gecə-gündüz əziyyət çəkdiyini, fəaliyyətini hər zaman açıq şəkildə ictimaiyyətlə bölüşdüyünü diqqətə çatdıran Sevinc Məmmədova qeyd edib ki, bu gün isə onun fəaliyyətində nöqsan tapılmadığı halda, məqsədli və qərəzli yoxlamalarla üz-üzə qalıb:
"Ən ağrılısı isə odur ki, məktəbəhazırlıq qruplarının bağlanması ilə bağlı əsaslandırılmış qərar və hüquqi sənəd təqdim edilmədən bəzi rəhbərlər və vəzifə sahibləri susmağa üstünlük verirlər. Vəzifəni qorumaq naminə qanunun deyil, göstərişlərin tərəfində dayanmaq gələcəyimiz olan uşaqlara qarşı məsuliyyətsizlikdir.
Mən kirayədə yaşayan, övladlarından biri əsgər olan, digəri ali təhsil alan bir anayam. Bu gün mənə verilən mesaj açıqdır: "İşləmə, fərqlənmə, sual vermə, haqqını tələb etmə". Çünki fəaliyyət, təşəbbüs və prinsipiallıq bəzilərini narahat edir.
Lakin mən susmayacağam. Prezident Administrasiyasına müraciət etmişəm və qanun çərçivəsində bütün hüquqlarımdan istifadə edəcəyəm. Əgər mənə qarşı hər hansı şər-böhtan, təzyiq və ya əsassız ittiham olarsa, bunu həm ictimaiyyətə, həm də aidiyyəti dövlət qurumlarına fakt və sübutlarla təqdim edəcəyəm".
Sevinc Məmmədova qeyd edib ki, bu gün susanlar bəlkə rahatdırlar:
"Amma vicdan qarşısında hər kəs bir gün öz cavabını verməli olacaq. Mən haqqın, qanunun və ədalətin tərəfindəyəm. Nə qədər çətin olsa da, geri çəkilməyəcəyəm. Mübarizə şəxsi maraq uğrunda deyil, qanunun aliliyi, təhsilin gələcəyi və uşaqların haqqı uğrundadır. Hər şeyi Allaha həvalə edirəm. Amma haqqımı sonadək müdafiə etməkdən də vaz keçməyəcəyəm".
Sevinc Məmmədova onu da qeyd edib ki, bundan sonra fəaliyyəti ilə bağlı gündəlik paylaşımlar etməyəcək:
"Ancaq Mingəçevir şəhərində bütün bağçalarda hansı qanundankənar fəaliyyət göstərmiş olduğunu, korrupsiya halları, uşaqlara verilən qidalarln mənimsənilməsi haqqlnda sübutlarla paylaşım edəcəm. Çünki vicdanla və məsuliyyətlə çalışan insana lazımi dəyər verilmir, görülən işlərə deyil, başqa məqamlara diqqət yetirilir. Halbuki mənim üçün əsas olan uşaqların təhsili və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməkdir. Buna baxmayaraq, fəaliyyətimi əvvəlki kimi vicdanla davam etdirəcəyəm və doğru bildiyim yoldan dönməyəcəyəm".
Süleyman










































