Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ



Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri ilk növbədə Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələnin başlanmasının göstəricisi kimi qiymətləndirilə bilər. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin ardıcıl şəkildə Azərbaycana səfər etməsi, ardınca Avropa Komissiyasının prezidentinin Bakıya gəlməsi onu göstərir ki, Brüssel Cənubi Qafqaz siyasətində Azərbaycana xüsusi yer ayırır. Bu marağın əsas səbəbi isə təkcə enerji məsələləri deyil, həm də dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın artan siyasi, iqtisadi və logistik əhəmiyyətidir.
Səfərin əsas motivlərindən biri Avropanın enerji təhlükəsizliyi ilə bağlıdır. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər Avropa İttifaqını enerji mənbələrini və marşrutlarını diversifikasiya etməyə sövq edib. Azərbaycan isə artıq özünü Avropa üçün etibarlı tərəfdaş kimi təsdiqləyib. Prezident İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, son dörd ildə Avropa İttifaqına Azərbaycan qazının ixracı təxminən 65 faiz artıb və hazırda ölkənin qaz ixracının yarısı Avropa bazarına yönəlir. Ursula fon der Lyayenin də Azərbaycanın etibarlı enerji tərəfdaşı olduğunu xüsusi vurğulaması göstərir ki, Brüssel enerji əməkdaşlığını daha da genişləndirmək niyyətindədir. Bununla yanaşı, tərəflər artıq ənənəvi karbohidrogen əməkdaşlığından kənara çıxaraq yaşıl enerji, Xəzər dənizində külək enerjisi və elektrik ötürücü xətlər kimi gələcəyin enerji layihələrini də gündəmə gətirirlər.
Bakıya səfərin digər mühüm səbəbi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi rolunun sürətlə artmasıdır. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı şəraitdə Orta Dəhliz Avropa üçün alternativ və etibarlı nəqliyyat xəttinə çevrilir. Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olması Avropa İttifaqının diqqətini daha da artırır. Ursula fon der Lyayenin "Global Gateway" proqramı çərçivəsində nəqliyyat, enerji və rəqəmsal bağlantıya yüz milyonlarla avroluq maliyyə dəstəyi elan etməsi də məhz bu marağın praktiki ifadəsidir. Bu təşəbbüs göstərir ki, Avropa İttifaqı Azərbaycanı yalnız enerji təchizatçısı deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantı nöqtəsi kimi görür.
Səfərin siyasi aspekti də xüsusi diqqət çəkir. Ermənistanla normallaşma prosesinin irəliləməsi və regionda yeni təhlükəsizlik mühitinin formalaşması Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə yeni məzmun qazandırır. Ursula fon der Lyayenin sülh prosesini açıq şəkildə dəstəkləməsi və regionda sülh dividendinin reallaşdırılmasına maliyyə yardımı ayıracağını açıqlaması Brüsselin prosesdə daha fəal iştirak etmək niyyətini göstərir. Bu yanaşma Avropa İttifaqının bölgədə uzunmüddətli sabitliyin iqtisadi əməkdaşlıq və inteqrasiya vasitəsilə möhkəmləndirilməsinə üstünlük verdiyini nümayiş etdirir.
Digər mühüm məqam iqtisadi əməkdaşlığın yeni mərhələyə keçirilməsidir. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və ən böyük investoru hesab olunur. Yeni hərtərəfli saziş üzrə danışıqların yenidən gündəmə gətirilməsi tərəflərin münasibətləri daha institusional və uzunmüddətli əsaslar üzərində qurmaq niyyətindən xəbər verir. Bu, ticarət dövriyyəsinin genişlənməsi, investisiya axınının artması və iqtisadi əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yarada bilər.
Ümumilikdə Ursula fon der Lyayenin Bakıya səfəri bir neçə məqsədi özündə birləşdirən strateji xarakter daşıyır deyə bilərik. Enerji təhlükəsizliyinin gücləndirilməsi, Orta Dəhlizin inkişafı, yaşıl enerji əməkdaşlığının genişləndirilməsi, regional sülh prosesinə dəstək və iqtisadi tərəfdaşlığın yeni mərhələyə keçirilməsi bu səfərin əsas motivlərini təşkil edir. Ən başlıcası isə bu görüş göstərdi ki, dəyişən beynəlxalq geosiyasi mühitdə Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz siyasətində və Avrasiya məkanında getdikcə daha mühüm strateji tərəfdaşa çevrilir.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş