
Yəmənin Ənsar Allah hərəkatından olan Husi üsyançıları və İraq silahlı qrupları İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) tərəfindən koordinasiya edilərək Səudiyyə Ərəbistanına hücumlar hazırlayırlar. Bu iddia ilə Əl-Ərəbiyyə televiziya kanalı rəsmi Səudiyyə mənbəyinə istinadən çıxış edib.
"Husilər və İraq qrupları, eləcə də İİKK arasında krallığa hücumlara hazırlıq üçün koordinasiya barədə etibarlı və geniş kəşfiyyat məlumatları mövcuddur", - deyə o bildirib. Kanalın mənbəyi qeyd edib ki, bu məlumat Ər-Riyadın gərginliyin azaldılması və sülh yolu ilə həllin təşviqi səylərini davam etdirdiyi və danışıqların müsbət irəlilədiyi bir vaxta təsadüf edir. "Əl-Ərəbiyyə" mənbəyi Səudiyyə Ərəbistanının "hər hansı bir təcavüzə qarşı bütün zəruri tədbirləri görməkdən çəkinməyəcəyini" vurğulayıb.
İyulun 20-də Yəmən üsyançıları Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdilər və daha sonra bir neçə Səudiyyə neft tankerinə hücum etdilər. Gərginləşmə fonunda, iyulun 30-da Ər-Riyad və bir neçə digər dövlət Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında naviqasiya azadlığını təmin etmək üçün yeni bir dəniz koalisiyasının yaradıldığını elan etdilər. İyulun sonlarında Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi də krallığın neft obyektlərinə zərbə endirmək üçün İraq ərazisindən buraxılan bir neçə dronun ələ keçirildiyini bildirdi. Ər-Riyad bu hücumlara görə İranın dəstəklədiyi silahlı qrupları günahlandırdı.












































