
Hər fəslin öz gözəlliyi və özünəməxsusluğu var. İnsanlar fəslə müvafiq olaraq həm qidalanmasına, həm də geyiminə fikir verməlidirlər. Biz isə cari fəsldə - yayda sağlam qidalanma üçün nələrə üstünlük verilməlidir sualına cavab tapmağa çalışacağıq.
Newscenter.az qeyd edir ki, yayın istisi insan orqanizminə mənfi təsir göstərməklə yanaşı, metabolizm və həzm sürətini dəyişdirdiyi üçün insanların qida rasionuna da təsir edir. Ona görə də bu fəsldə həzm sistemini yormayan, maye-mineral balansını qoruyan yüngül qidalara üstünlük verilməlidir. Bunun üçün aşağıdakı əsas qaydalara riayət olunmalıdır:
-Bədən çəkisinə müvafiq olaraq maye qəbul edilməli, eləcə də ayran, təbii mineral sular, nanəli-limonlu sərin sular və şəkərsiz kompotlardan istifadə olunmalıdır;
-Bədəndə susuzluq yaradan içkilərdən (şəkərli, qazlı və s.) uzaq durulmalıdır;
-Mövsümi meyvə və tərəvəzlərdən istifadəyə üstünlük verilməlidir. Məsələn, su və lif baxımından zəngin olan xiyar, pomidor, göyərti, qarpız, yemiş, giləmeyvə (moruq, çiyələk, gilas) və ərik kimi təzə qidalar seçilməlidir. Lakin meyvələrin tərkibində fruktoza (təbii şəkər) olduğu üçün normanı aşmaq olmaz;
-Həzmə ciddi problem yaradan və halsızlığa səbəb olan ağır və yağlı yeməklərdən uzaq durulmalıdır;
-Ət məhsullarından balıq, toyuq və ya hindquşu əti kimi yüngül zülallara üstünlük verilməlidir;
-Qızartma yeməklərdən uzaq durulmalı, buxarda və sobada bişirilən yeməklər üstün tutulmalıdır;
-Süd və süd məhsullarından istifadə edilməlidir, çünki onlar həzm sistemini yaxşılaşdırır və bağırsaq mikroflorasını qoruyur;
-Tez-tez, lakin az porsiyalarla qidalanmaq lazımdır;
-Qida təhlükəsizliyinə riayət edilməli, yəni açıq havada və ya saxlanma norması pozulmuş qidalardan çəkinmək lazımdır.
Yekun olaraq qeyd edək ki, yay aylarında sağlam və gürrah qalmağın yolu bədənimizin dəyişən ehtiyaclarını düzgün dinləməkdən keçir. Unutmayaq ki, fəslin gözəlliyini tam hiss etmək və yayın enerjisindən faydalanmaq bizim əlimizdədir.
Arzu












































