
Naxçıvanın bugünkü inkişaf dinamikasına siyasi və sosioloji prizmadan baxdıqda əslində ən böyük dəyişikliyin insanların düşüncəsində və gələcəyə olan inamında baş verdiyini aydın görmək mümkündür. İllər boyu coğrafi baxımdan çətin bir blokada şəraitində yaşayan bir bölgənin bu gün qlobal enerji və loqistika layihələrinin mərkəzinə çevrilməsi sadəcə iqtisadi uğur deyil, həm də çox böyük bir dövlət iradəsinin və milli strategiyanın nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir səfəri və xüsusilə son bəyanatları yerli əhaliyə və bütün dünyaya onu nümayiş etdirir ki, Naxçıvan heç vaxt diqqətdən kənarda deyil və bura Azərbaycanın ayrılmaz, sarsılmaz bir qalası olaraq hər an dövlətin birbaşa himayəsindədir. Şəhərdə təməli qoyulan yeni sənaye parkları, nəqliyyat infrastrukturunun ən müasir standartlara uyğun yenilənməsi və kənd təsərrüfatına verilən yeni nəfəs regionda gənclər üçün yeni iş yerləri və parlaq gələcək deməkdir. Eyni zamanda Muxtar Respublikanın daxili idarəetməsində aparılan islahatlar, şəffaflığın artırılması və vətəndaş məmnunluğuna yönəlmiş addımlar dövlət ilə xalq arasındakı səmimi bağı daha da gücləndirir. Bu gün Naxçıvan küçələrində gəzərkən hiss olunan o müasir ab-hava, quruculuq işləri və hərbi cəhətdən yaranan o mütləq təhlükəsizlik hissi birmənalı olaraq hərtərəfli dövlət qayğısının real həyatdakı əksidir. Ən əsası isə odur ki, bu inkişaf sadəcə rəqəmlərdə və hesabatlarda deyil, Naxçıvanın hər bir evində, hər bir sakininin gündəlik rifahında özünü birbaşa büruzə verir.
Yaxın gələcəkdə beynəlxalq nəqliyyat xətlərinin açılması ilə bu qədim diyarın öz tarixi missiyasını bərpa edərək regionun ən cəlbedici mərkəzlərindən birinə çevriləcəyinə artıq heç bir şübhə qalmır.
Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı.












































