
Mingəçevir şəhər 13 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Sevinc Məmmədovanın əmək müqaviləsində vəzifə adı onun xəbəri olmadan dəyişdirilib.
Newscenter.az xəbər verir ki, bunu Sevinc Məmmədova özü deyib. Sevinc Məmmədova bildirib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Şəhər Təhsil Sektorunun müdiri Rüstəm Aslanova dəfələrlə müraciət edib:
"Bağçanın rəhbərliyinin fəaliyyəti ilə bağlı dəfələrlə rəsmi müraciətlər etmişəm. Mənim iddialarım və suallarımın araşdırılmasını, qanunauyğunluğuna hüquqi qiymət verilməsini tələb edirəm. Əmək müqaviləmdə vəzifə adımın hansı hüquqi əsasla dəyişdirilməsi həyata keçirilib? Valideynlərin müraciətləri olduğu halda, mövcud qrupun 3–4 yaş qrupu ilə əvəzlənməsinin hüquqi əsası nədir? Mənim əmək hüquqlarımı və uzunillik fəaliyyətimi təsir edən qərarlar hansı normativ hüquqi sənədə əsasən qəbul edilib?".
Sevinc Məmmədova deyib ki, hər şey qanuni olduğu halda, ona heç bir rəsmi cavab verilmir:
"İnsan illərlə öz peşəsinə, uşaqlara, təhsilə xidmət edir, amma qarşılığında hüquqlarının tapdanması, suallarının cavabsız qalması və işindən soyudulması ilə üzləşirsə, burada ciddi suallar yaranır. Mən heç kimdən güzəşt istəmirəm. Mən qanun tələb edirəm! Əgər fəaliyyətlərdə saxtakarlıq və ya qanun pozuntusu olmadığını düşünürsünüzsə, bunu sənədlərlə ortaya qoyun. Əks halda, mənim müraciətlərimin niyə araşdırılmadığına cavab verin. Nə vaxta qədər insanlara öz hüquqlarını tələb etdikləri üçün işindən, peşəsindən, gələcəyindən iyrənəcək vəziyyət yaşadılacaq?
Mən susmayacağam. Çünki tələb etdiyim şəxsi imtiyaz deyil — qanuni hüquqlarımdır".
Süleyman












































