Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

26 avqust xalqımız üçün Zəfər tariximizin mühüm səhifələrindən biridir

26 avqust xalqımız üçün Zəfər tariximizin mühüm səhifələrindən biridir


Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub. Eyni zamanda 26 Avqust – Laçın Şəhəri Günüdür.

Newscenter.az xəbər verir ki, Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Musavat Partiyasının sədr müavini Könül İsmayılova Versus.Az-a müsahibəsində bu yöndə fikirlərini bölüşüb.

- Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini necə dəyərləndirərdiniz?


- Cənab İlham Əliyevin çıxışlarından da məlum oldu ki, səfərin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında dostluq və müttəfiqlik münasibətlərini daha da möhkəmləndirmək, siyasi, iqtisadi və mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək idi. Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın iclası keçirildi və bir sıra mühüm sənədlər imzalandı.

- Sizcə, bu səfərin Azərbaycan-Özbəkistan münasibətlərinin gələcəyi baxımından əhəmiyyəti nədən ibarətdir?


- Bu səfər iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm addımdır. Əminəm ki, Azərbaycan və Özbəkistanın ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə əsaslanan əlaqələri gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan verəcək.

- Könül xanım, 26 avqust Azərbaycan tarixində mühüm və qürurverici günlərdən biridir. Bu tarix Prezidentin Sərəncamı ilə Laçın Şəhəri Günü kimi qeyd olunur. Laçın Şəhəri Gününün Azərbaycan xalqı üçün tarixi və siyasi əhəmiyyətini necə qiymətləndirirsiniz?


- 26 avqust xalqımız üçün Zəfər tariximizin mühüm səhifələrindən biridir. Laçının azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində böyük tarixi hadisədir. Bu gün həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram və milli qürur günüdür.

- Bu günlərdə Laçında olubsuz, görülən və görüləcək işlərlə tanış olubsuz. Ümumiyyətlə, bu gün Laçında aparılan bərpa və quruculuq işləri barədə nə deyə bilərsiniz?


- Bəli, bu yaxınlarda Laçında oldum. Laçının gözəlliyi məni heyran etdi. İşğaldan azad ediləndən sonra qısa zaman içərisində Laçının demək olar ki, yenidən qurulması qürurvericidir. Laçın hazırda böyük dəyişikliklər yaşayır. Şəhərdə yaşayış binaları, sosial obyektlər və infrastruktur yenidən qurulur. Ən böyük nailiyyətlərdən biri isə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Onlar öz doğma yurdlarında yaşayıb yaratmaqla Laçını daha da gözəlləşdirirlər. Bütün bunlar düşmənlərimizə gözdağıdır. Mən orda bir daha qürurlandım ki, şəhidlərimizin qanı yerdə qalmadı, ruhları şad olsun. Və bu uğurlarımızla qüdrətli Azərbaycan dövləti öz gücünü bütün dünyaya göstərdi.

- Laçında bu dəfə özünü necə hiss etdin?


- Düşüncələrimi də sosial hesabımda paylaşmışam... Laçınlıyam… Bu söz mənim üçün sadəcə bir doğum yeri deyil. Laçın mənim yaddaşım, uşaqlığım, köklərim, qürurum və ürəyimin bir parçasıdır. Avqust ayı yenidən Laçına getdim. Şəhərə daxil olduğum ilk andan içimdə qəribə, sözlə ifadə olunması çətin bir hiss yarandı. Bir tərəfdən illərin həsrəti, digər tərəfdən gözlərimin qarşısında yenidən doğulan, günü-gündən gözəlləşən Laçın… Amma etiraf edim ki, Laçına baxmaqdan doymadım.Küçələrində gəzdikcə yenə bir az qalmaq istədim. Dağlarına baxdıqca gözümü çəkə bilmədim. Hər yeni mənzərə mənə sanki “bir az da qal” deyirdi. Laçın bu gün sadəcə geri qayıtmış bir şəhər deyil. O, yenidən qurulan, yenidən nəfəs alan, gələcəyə doğru addımlayan doğma şəhərdir. Yeni yollar, yeni binalar, abad küçələr, yaşıllıqlar, quruculuq… Bütün bunların içində isə mənim gördüyüm ən böyük gözəllik Laçının yenidən həyatla dolması idi. Laçının havası başqadır… Suyu başqadır… Dağları başqadır… Amma ən əsası - Laçının insanın ruhuna toxunan bir doğmalığı var. Orada insan həm keçmişini xatırlayır, həm də gələcəyi görür. Mən Laçından ayrılarkən bir daha başa düşdüm ki, bəzi yerlərdən gedə bilmirsən ürəyin orada qalır.

Heç doymadım, Laçın… Yenə gələcəyəm. Yenə küçələrində gəzəcəyəm. Yenə dağlarına baxacağam. Çünki insan öz doğma yurdundan heç vaxt doymur. Laçınlı olmağın qürurunu yaşamaq tamam başqa hissdir. Laçın Şəhəri Günün mübarək, mənim doğma Laçınım!

- Sizcə, Laçının gələcəkdə Azərbaycanın həyatında rolu necə olacaq?


- Laçın Azərbaycanın ən gözəl və strateji əhəmiyyətli şəhərlərindən biri kimi daha da inkişaf edəcək. Burada yeni yaşayış məhəllələrinin, müasir infrastrukturun yaradılması şəhərin gələcək potensialını artırır. Əsas məqsəd Laçını yenidən firavan, müasir və insanların rahat yaşadığı bir şəhərə çevirməkdir.

- 26 Avqust həm də Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu necə qiymətləndirirsiniz?



- Mehriban Əliyeva ölkənin ictimai-siyasi və humanitar həyatında mühüm rol oynayan dövlət xadimidir. Onun fəaliyyəti sosial və humanitar məsələlərə, insanların rifahına və ölkənin inkişafına yönəlmiş təşəbbüslərlə xarakterizə olunur.

- Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyət və humanitar siyasətində rolunu necə dəyərləndirirsiniz?


- Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan mədəniyyətinin, milli irsin və humanitar dəyərlərin qorunması və təbliği baxımından əhəmiyyətlidir. Fondun müxtəlif sosial, təhsil, səhiyyə və mədəniyyət layihələri həyata keçirməsi bu istiqamətdə mühüm töhfədir.

Mən fürsətdən istifadə edib Mehriban Əliyevaya təbriklərimi və arzularımı çatdırmaq istərdim. İlk növbədə, Onu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Xəbəri paylaş