
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə keçirilən Yeddinci Qlobal Kinologiya Forumu çərçivəsində Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sondersi qəbul edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, görüşdə gömrük administrasiyasının təkmilləşdirilməsi, gömrük orqanlarının potensialının gücləndirilməsi və qanun pozuntularına qarşı mübarizədə praktiki əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd olunub ki, təşkilatın dəstəyi ilə Özbəkistan ticarətin asanlaşdırılması sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub, müasir gömrük nəzarəti mexanizmlərini tətbiq edib və Gömrük Xidmətinin 2030-cu ilə qədər inkişafı strategiyası hazırlayıb qəbul edib.
Özbəkistanda gömrük sektorunda genişmiqyaslı islahatlar nəticəsində bu gün ixrac yüklərinin 94 faizi, idxal yüklərinin isə 87 faizi sadələşdirilmiş prosedurla emal olunur. Bəyannamələrin emalı müddəti 20 dəqiqəyə endirilib.
Gömrük orqanları ilə biznes subyektləri arasında səmərəli əməkdaşlığı təmin etmək, inzibati maneələri azaltmaq və korrupsiya riskini azaltmaq üçün rəqəmsal həllər fəal şəkildə tətbiq olunur.
Görüşdə gömrük prosedurlarının daha da rəqəmsallaşdırılması və uyğunlaşdırılması, tənzimləyici və hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığı və bacarıqlarının artırılması məsələlərinə xüsusi diqqət yetirilib. Bu məsələlərin Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyə hazırlanması kontekstində aktuallığı vurğulanıb.
Nəhayət, əməkdaşlığın daha da dərinləşdirilməsinə və gömrük inzibatçılığının təkmilləşdirilməsinə yönəlmiş konkret tədbirləri özündə birləşdirən "yol xəritəsi"nin birgə hazırlanması və qəbul edilməsi barədə razılıq əldə edilib.
Süleyman












































