
"Son vaxtlar Rusiya-Ukrayna münaqişəsi fonunda cərəyan edən proseslər və dinamika, Vaşinqtonun Kiyevi əvvəlkindən daha böyük kompromisə hazırlamağa çalışdığı təəssüratı yaradır. Həmçinin Vaşinqtonun Moskva və Kiyevlə paralel danışıqlar aparmasını mümkün razılaşmanın çərçivəsini formalaşdırmaq kimi də qiymətləndirmək olar".
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində artan diplomatik fəallığı şərh edərkən deyib. O bildirib ki, son günlər keçirilən görüşlər bu istiqamətdə yeni mərhələnin başlandığını deməyə əsas verir:
"ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Jared Kuşner əvvəlcə Moskvada Putinlə, ardınca Kiyevdə Zelenski ilə danışıblar. Görüşlərdə tərəflər bir sıra maraqlı və konstruktiv ideyalar və təklifləri müzakirə ediblər. Lakin konkret razılaşma əldə olunmayıb".
Çingiz Şahbazi qeyd edib ki, Vaşinqton üçtərəfli Rusiya-Ukrayna-ABŞ danışıqlarını yenidən başlamağa çalışır:
"Burada diqqətçəkən məqam, Putinlə görüşdən dərhal sonra ABŞ nümayəndələrinin Kiyevə getmələridir. Vaşinqtonun əvvəlcə Putinin tələblərini müəyyənləşdirilib, sonra Kiyevdən hansı güzəştlərin mümkün olduğunu öyrənməyə çalışdığı görünür. Əvvəlki mərhələlərdə olduğu kimi indi də eyni problemlər üzərində proses dayanmağa məcbur qalır. Əsas məsələ yenə işğal olunmuş ərazilərlə bağlıdır. Moskvanın əsas tələbləri demək olar ki, dəyişməyib. Putin işğal etdiyi Ukrayna ərazilərini Ukrayna dövləti tərəfindən tanınmasını ABŞ nümayəndələrinin nəzərinə bir daha çatdırıb. Tələblər arasında Ukraynanın NATO -ya üzvlüyündən imtina etməsi və Ukrayna ordusunun məhdudlaşdırılması kimi əvvəlki tələbləri yenidən təkrar etməsi, Rusiyanın mövqeyində heç bir dəyişiklik baş vermədiyini göstərir. Donbasın Rusiya ərazisinə qatılması tələbi yenə mübahisə doğurub. Zelenski isə bütün bu tələblərin qəbuledilməz olduğunu bildirib. Yəni mənzərə hər şeyin əvvəlki yerində qaldığını göstərir".
Ekspert hesab edir ki, Rusiya real vəziyyəti , müharibənin nəticələrini siyasi və hüquqi şəkildə rəsmiləşdirməyə çalışır:
"Ukrayna isə Rusiyanın bu tələbləri qarşısında Qərbin hərbi dəstəyinin davamını və güclü təhlükəsizlik təminatı istəyir. Vaşinqton isə ortaq məxrəcə gəlmələrini və mümkün qədər tez atəşkəs və siyasi razılaşma istəyir. Bu baxımdan hesab edirəm Kiyevə ABŞ tərəfindən yenidən təzyiq ediləcək ki, Rusiyanın tələblərinə uyğun olaraq qərarlar versin. Prezident Zelenski buna razılıq verməsə də, məcbur edilə bilər, ehtimalı da yox deyil. Ukraynanın ən böyük problemi ABŞ-ın hərbi-siyasi dəstəyini itirməkdir. Amma, hər şeyə rəğmən Avropa İttifaqı ölkələri Ukraynanı meydanda tək buraxmayacaqlar və ABŞ-ın dəstəyi azalarkən Avropa Ukraynanın əsas maliyyə və hərbi dayağına çevrilib. Aİ 2026-27 illər üçün Ukraynaya 90 milyardlıq kredit paketini artıq təsdiqləyib. Bu mühüm amildir və ABŞ-dan fərqli olaraq Avropa İttifaqı Ukraynanın Rusiyanın istənilən şərtlərinə sülh naminə razılığa getməsinə qarşıdır. Bu baxımdan da Ukraynanın danışıqlara daha güclü mövqedən getməsinə çalışan Avropa İttifaqı hesab edirəm ki, Kiyevin təslim olmasını qəbul etməyəcək və bu səbəbdən də müharibə davam edəcək".
Süleyman











































