Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova BMT-dəki Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb

Sahibə Qafarova BMT-dəki Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb


Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədri beynəlxalq parlament diplomatiyasının əhəmiyyəti, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında fəaliyyətin müxtəlif aspektləri barədə fikirlərini bildirib.

Milli Məclisin sədri müxtəlif beynəlxalq və regional parlament təşkilatlarının ölkələri bir araya gətirdiyini qeyd edərək, belə platformalarda işin səmərəli təşkili üçün bütün tərəflərin mövqelərinin dinlənilməsinin, ədalətli və şəffaf prosedurlara riayət olunmasının, eləcə də ümumi maraq doğuran məsələlər üzrə ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Sahibə Qafarova son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlığa və parlament diplomatiyasının inkişafına verdiyi töhfələrə toxunaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətdən, ölkəmizin irəli sürdüyü təşəbbüslərdən və əldə olunmuş mühüm nailiyyətlərdən söz açıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ötən müddətdə mühüm beynəlxalq parlament platformasına çevrildiyini qeyd edib.

Spiker çıxışında BMT-nin parlamentlərarası beynəlxalq təşkilatlarla əməkdaşlığının rolunu, bu qarşılıqlı fəaliyyətin qlobal çağırışların həllinə və beynəlxalq qərarların milli səviyyədə həyata keçirilməsinə töhfə verə biləcəyini vurğulayıb. O, dünyanın ən böyük beynəlxalq parlament təşkilatı olan Parlamentlərarası İttifaqın fəaliyyəti, onun beynəlxalq və regional məsələlərdə rolunun gücləndirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi, davamlı inkişaf, iqlim gündəliyi, habelə qlobal təhlükəsizlik, demoqrafik dəyişikliklər və miqrasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş