
Rusiyalı alimlər təhlükəli Krım-Konqo hemorragik qızdırması virusunun ən geniş yayılmış genetik soylarından biri olan "Avropa-1"in Ermənistan ərazisindən qaynaqlandığını aşkar ediblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, "Rospotrebnadzor"un Stavropol Taunla Mübarizə İnstitutunun Viral İnfeksiya Diaqnostikası Laboratoriyasının tədqiqatçısı Anna Jirovanın sözlərinə görə, bu virus variantının 380 yaşı olduğu təxmin edilir.
Krım-Konqo hemorragik qızdırması ağır intoksikasiya və hemorragik sindrom (dəri, selikli qişalar və daxili orqanların qanaması) ilə xarakterizə olunan kəskin virus xəstəliyidir. Virus yoluxmuş gənələrin dişləmələri vasitəsilə ötürülür. Əvvəlki araşdırmalar virusun bu variantının Həştərxan vilayətində və Türkiyədə yarandığını göstərirdi.
"Görürük ki, 'Avropa-1' genotipinin ən qədim nümunəsi Zaqafqaziyada, Ermənistan Respublikasında tapılıb. Virusun Rusiyaya bir neçə şəkildə daxil olması baş verib. Nəticə etibarilə Volqoqrad, Həştərxan vilayətlərində və Dağıstan Respublikasında virus aşkar olunub", - deyə o, bildirib.
Qeyd edək ki, Krım-Konqo qızdırması adlı virus ilk dəfə 1945-ci ildə Krımda aşkarlanıb. Qızdırma Rusiyanın bəzi cənub bölgələrində-Dağıstan, Krasnodar və Stavropol diyarları, Həştərxan, Volqoqrad və Rostov vilayətlərində endemikdir.
Anar












































