
Türk dünyasını birləşdirən dəyərlər əsrlər boyu formalaşmış möhkəm tarixi və mənəvi bağlara söykənir. Ortaq dil, mədəniyyət, adət-ənənələr və tarixi yaddaş türk dövlətləri arasında qarşılıqlı əlaqələrin inkişafı üçün mühüm zəmin yaradır. Bu yaxınlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da genişlənməsinə və yeni istiqamətlər üzrə inkişafına imkan verir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin gücləndirilməsidir.
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı cıxış edən ölkə başçısı bildirmişdir ki, ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir. Durğunluq, iqtisadi geriləmə, digər iqtisadi və sosial çətinliklər bu gün, ümumiyyətlə müasir dünyanın reallıqlarıdır, xüsusilə də planetin müxtəlif yerlərində əks proseslərin getdiyini gördüyümüz bir vaxtda. Lakin TDT məkanında müsbət dinamikanı - həm sənaye istehsalının artımını, həm iqtisadi göstəriciləri, həm də sabit maliyyə sistemlərini görürük. Bütün bunlar ölkələrimizin və ölkələrimizdə dövlət səviyyəsində həyata keçirilən siyasətin böyük nailiyyətidir.
Bütün bunlar Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan bundan sonra da Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi istiqamətində fəal rol oynayacaq.
Nəticə etibarı ilə qeyd etmək istərdim ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qarşıdakı dövrdə də mühüm uğurlara imza atacağı, regional və beynəlxalq əhəmiyyət daşıyan böyük layihələrə ev sahibliyi edəcəyi və yeni təşəbbüslərlə çıxış edəcəyi gözlənilir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət ölkəmizin Türk dünyasında əməkdaşlığın daha da inkişafına verdiyi töhfələri artıracaqdır.
Fariz İmamverdiyev












































