
Sentyabrın 22-də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivləri geniş müzakirə olunub. Müşavirədə müəyyənləşdirilən əsas istiqamətlər bu sahənin ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını göstərir.
Qeyd etmək istərdim ki, ölkə başçısının müşavirədəki çıxışında Azərbaycanın iqtisadi potensialının genişləndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və mövcud imkanların ölkə iqtisadiyyatına daha böyük töhfə verməsi ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb. Prezident İlham Əliyev ölkəmizdə qazlaşma səviyyəsinin 96 faizə çatdığını və Azərbaycanın hər il 25 milyard kubmetrdən çox təbii qaz ixrac etdiyini qeyd edərək enerji sektorunun ölkənin iqtisadi inkişafında mühüm rolunu vurğulayıb.
Çıxışda işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun Ermənistan tərəfindən məhv edildiyi də diqqətə çatdırılıb. Bununla yanaşı, Avropa qitəsinin ən perspektivli yataqlarından biri hesab olunan Balakən rayonundakı “Filizçay” polimetal yatağının Azərbaycanın dağ-mədən sənayesinin inkişafı baxımından böyük potensiala malik olduğu bildirilib.
Bütün bunlar Azərbaycanın zəngin təbii sərvətlərə və geniş iqtisadi potensiala malik ölkə olduğunu bir daha nümayiş etdirir. Mövcud təbii resurslardan səmərəli və məqsədyönlü istifadə etməklə onların ölkə iqtisadiyyatına daha böyük töhfə verməsinə şərait yaratmaq mühüm vəzifələrdən biridir. Xüsusilə dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni istehsal sahələrinin yaradılması, əlavə dəyərin formalaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi və qeyri-neft sektorunun daha da şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məqsəd Azərbaycanın zəngin təbii sərvətlərini müasir yanaşmalar və qabaqcıl texnologiyalar əsasında iqtisadi dövriyyəyə cəlb etməklə ölkənin davamlı və şaxələndirilmiş iqtisadi inkişafına nail olmaqdır.
Maqsud Süleymanlı












































