
Azərbaycan iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafında qeyri-neft sektorunun rolu olduqca böyükdür. Aparılan məqsədyönlü islahatlar nəticəsində qeyri-neft sənayesi, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm və digər istiqamətlərin inkişafı üçün əlverişli şərait formalaşdırılmışdır. Yeni müəssisələrin yaradılması, innovativ texnologiyaların tətbiqi, investisiya mühitinin yaxşılaşdırılması və əhalinin məşğulluğunun artırılması iqtisadi siyasətin əsas prioritetləri sırasındadır.
Məhz bu istiqamətdə qarşıya qoyulan hədəflərin və görüləcək işlərin müəyyənləşdirilməsi baxımından sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Müşavirədə çıxışı zamanı ölkə başçısı bildirmişdir ki, ümumi daxili məhsulun artım tempindən daha mühüm göstəricilərdən biri qeyri-neft sektorunun inkişafıdır. Bu baxımdan, cari ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faizlik artımın qeydə alınması Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının çıxışından da göründüyü kimi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi qarşıdakı dövrdə iqtisadi siyasətin əsas istiqamətlərindən biri olaraq qalacaqdır.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































