Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hicab məsələsinin insanları qarşı-qarşıya qoyacaq bir müstəviyə çevrilməsinə imkan verilməməlidir

Hicab məsələsinin insanları qarşı-qarşıya qoyacaq bir müstəviyə çevrilməsinə imkan verilməməlidir


"Məktəblərdə hicab məhdudiyyəti ilə bağlı fikir bildirərkən ifadələrimizdə diqqətli olmalı və milli birliyimizə, həmrəyliyimizə zərər verə biləcək açıqlamalardan çəkinməliyik. Hicab tərəfdarları ilə hicabın əleyhinə olanlar bir-birinə düşmən kimi baxmamalıdırlar. Hamımız azərbaycanlıyıq, eyni Vətənin övladlarıyıq. Ona görə də bu cür həssas və aktual məsələlərdə süni qarşıdurma mövqeyindən çıxış etməməliyik. Dialoqa üstünlük verməliyik. Bir-birimizin fərqli mövqeyinə dəyər verməyi, anlayış və hörmətlə yanaşmağı bacarmalıyıq. Vahid məktəbli geyimi məsələsində ortaq nöqtəni tapmağı bacarmalıyıq".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin və Qafqazın dini liderləri ilə görüşündə səsləndirdiyi "dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" ismarıcını da diqqət mərkəzində saxlamalıyıq:

"Dövlət başçısının bu dəyərləndirməsi ictimai-siyasi məsələlərə yanaşmada mühüm istiqamətverici mövqe ifadə edir. Cənab Prezidentin belə bir aktual siyasi qiymətləndirməsi hicab məsələsində də bizim üçün yol göstəricisi olmalıdır. Başörtüsü məsələsinin inanclı insanlarımızla dünyəvi insanlarımızın qarşıdurmasına gətirib çıxarmasına yol verməməliyik. Ona görə də məktəblərdə hicab məsələsi ilə bağlı mövqe bildirərkən sözlərimizdə son dərəcə məsuliyyətli olmalı, milli birliyimizə, ictimai həmrəyliyimizə və cəmiyyətimizdəki sabit mühitə zərər verə biləcək ifadələrdən uzaq durmalıyıq".

Komitə sədri qeyd edib ki. hicabın tərəfdarı olanlarla buna fərqli yanaşan şəxslər bir-birinə qarşı davakar qarşıdurma mövqeyi tutmamalı, məsələyə düşmənçilik prizmasından baxmamalıdırlar:

"Heç kim qəti hökm, diktə dili ilə danışmamalıdır. Belə həssas məsələlərdə süni qütbləşməyə yol vermək deyil, dialoq və qarşılıqlı anlayış mühitini gücləndirmək vacibdir. Fərqli baxışlara hörmətlə yanaşmaq, ortaq dəyərlər ətrafında birləşmək və vahid məktəbli geyimi məsələsində məqbul uzlaşma tapmaq daha doğru yanaşmadır. Bu baxımdan, hicab məsələsinin də cəmiyyət daxilində inanclı və dünyəvi təmayüllü insanları qarşı-qarşıya qoyacaq bir müstəviyə çevrilməsinə imkan verilməməlidir. Azərbaycan cəmiyyətinin gücü məhz həmrəyliyində, qarşılıqlı hörmətində və milli maraqlar ətrafında birliyindədir".

Süleyman
Xəbəri paylaş