
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə özəl sektorun istehsala daha yaxından cəlb edilməsi əsas hədəflərdən biri kimi qeyd edildi. Proqrama əsasən, özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin qurulması imkanlarının qiymətləndirilməsi də həyata keçiriləcək.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, hazırda mədənçıxarma sənayesndə 427 müəssisə fəaliyyət göstərir:
"Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir. Dövlətin bu sektorda cəmi 21 müəssisəsi fəaliyyət göstərir. Son 5 ildə bu sahədə fəaliyyət göstərən özəl müəssisələrin sayı 30 faiz artıb. Özəl şirkətlərin sayının artması sahibkarların bu sektora marağının yüksəlməsi ilə bağlıdır".
Deputat qeyd edib ki, proqramın icrası nəticəsində dağ-mədən və metallurgiya sahəsinə daha çox özəl şirkətlərin cəlb olunacağı və istehsalın artacağı gözlənilir:
"Eyni zamand, Dövlət Proqramının icrasının bu sahə üzrə göstəriciləri əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Belə ki, yeni Proqam nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır.
Göründüyü kimi, yeni Dövlət Proqramının icrası iş adamları üçün yeni imkanlar demək olacaq. Bu isə özəl sektor vasitəsi ilə daha çox iş yerlərinin yaradılması anlamına gəlir".
Süleyman












































