
Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ölkəmizin investisiya siyasətinin və iqtisadi inkişaf prioritetlərinin diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlətimizin başçısı tədbirdə moderator Adebayo Oqunlesinin suallarını cavablandıraraq Azərbaycanın nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə də ətraflı məlumat verib. Prezident İlham Əliyev bildirib ki, ölkəmizin əlverişli coğrafi mövqeyi Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycana mühüm rol qazandırır. Hazırda ölkə ərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artması bu sahəyə olan tələbatın yüksəldiyini göstərir və cari ildə göstəricinin 16 milyon tona çatacağı gözlənilir. Qarşıdakı dövrdə əsas məqsəd isə hər iki istiqamətdə daşımaların həcmini 2030-cu ilədək 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaq, bunun üçün qonşu və tərəfdaş ölkələrlə əməkdaşlığı daha da genişləndirməkdir.
Prezident Doğma Partiyamızın Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müstəqillik illərində keçdiyi mürəkkəb inkişaf yolunu və əldə etdiyi mühüm nəticələri aydın şəkildə nümayiş etdirir. Ölkəmiz ağır iqtisadi və siyasi çətinliklərdən keçərək öz potensialını səfərbər etməyi, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməyi bacarıb. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq həyata keçirdiyi ardıcıl siyasət Azərbaycanın qarşısında yeni inkişaf imkanları açır və gələcəkdə daha böyük nailiyyətlərin əldə olunması üçün möhkəm zəmin yaradır. Qarşıdakı dövrdə ölkəmizin beynəlxalq əməkdaşlığının və iqtisadi imkanlarının daha da genişlənməsi Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfələr verəcəkdir.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı












































