
II Azərbaycan Beynəlxalq İnvestisiya Fondu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, "Azərşəkər" MMC-nin Müşahidə Şurasının sədri Nəsib İslamzadə və Özbəkistanın "Global Textile Group" şirkətinin sədri Müzəffər Rəzzakovun iştirakı ilə tikintisinə başlamasını simvolizə edən Mingəçevir sənaye parkında istehsal ediləcək məhsullar məlum olub.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın "Uzto'chikmalsanoat" assosiasiyası məlumat yayıb. Bildirilib ki, yeni kompleks 11,2 hektar ərazidə yerləşəcək. Burada pambıq becərilməsindən məhsul istehsalına qədər prosesləri birləşdirən tam istehsal zənciri yaradılacaq. Xüsusilə, lint, iplik, boyanmış parça və hazır geyim məhsulları istehsalı planlaşdırılır.
Müəssisə tam gücdə işlədikdə ildə 16 min ton lint, 11 min ton iplik və 7,3 min ton boyanmış parça istehsal edə biləcək. Həmçinin, hazır məhsulların illik həcmi 11 milyon köynək olacaq.
Layihə çərçivəsində istehsal olunan məhsulların Azərbaycanın daxili bazarına tədarük edilməsi, eləcə də xarici bazarlara ixrac edilməsi planlaşdırılır.
Süleyman












































