
"II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji, nəqliyyat, bərpaolunan enerji və rəqəmsal infrastruktur sahələrində artan imkanlarını bir daha diqqətə çatdırdı.
Azərbaycan bu gün yalnız təbii qaz ixrac edən ölkə kimi deyil, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm enerji və nəqliyyat məkanı kimi çıxış edir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan artıq təkcə Avropa üçün enerji mənbəyi deyil. Özbəkistan və Qazaxıstanla Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan sualtı elektrik kabeli, həmçinin Azərbaycanı Gürcüstan və Rumıniya üzərindən Avropaya bağlayacaq Qara dəniz kabeli ölkəmizin enerji imkanlarının yeni mərhələyə keçdiyini göstərir. Bu yanaşmanın mühüm istiqamətlərindən biri də yaşıl enerjidir. Xəzərin Azərbaycan sektorunda böyük külək enerjisi potensialının mövcudluğu, günəş və külək elektrik stansiyalarının inkişafı ölkəmizin gələcəkdə bərpaolunan enerjinin istehsal və ixracında rolunu genişləndirmək imkanlarını artırır".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Vəfa Qasımova deyib. O bildirib ki, Azərbaycan öz coğrafi mövqeyindən istifadə edərək Şərqlə Qərb arasında etibarlı bağlantı yaratmağa çalışır:
"Nəqliyyat dəhlizləri, elektrik enerjisi xətləri, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə yeni layihələr ölkəmizin iqtisadi potensialının daha da şaxələndirilməsinə xidmət edir".
Onun sözlərinə görə, forum çərçivəsində enerji və digər sahələr üzrə bir sıra mühüm investisiya sənədlərinin imzalanması da Azərbaycanın beynəlxalq investorlar üçün əməkdaşlıq imkanlarını genişləndirdiyini göstərdi:
"Azərbaycanın hədəfi yalnız enerji resurslarını ixrac etmək deyil, özünü enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində regional və beynəlxalq əhəmiyyətli mərkəzə çevirməkdir. Bu gün Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən, sabahın yeni enerji və bağlantı imkanlarını formalaşdıran ölkələrdən biridir".
Süleyman











































