Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qlobal investisiya mərkəzinə çevrilir

Azərbaycan qlobal investisiya mərkəzinə çevrilir


Sentyabrın 25–26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) keçirildi. Forumun əsas mövzusu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” oldu.
Dövlətimizin başçısı forum çərçivəsində keçirilən tədbirdə iştirak edərək moderator Adebayo Oqunlesinin suallarını cavablandırdı. Prezident İlham Əliyev çıxışında Azərbaycanın son iyirmi ildə əldə etdiyi tarixi nailiyyətləri diqqətə çatdırdı.
Ölkəmizin ÜDM-i on dəfə artaraq 7 milyard dollardan 76 milyard dollara yüksəlib. Adambaşına düşən ÜDM səkkiz dəfədən çox artıb, yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara çatıb.
Prezident qeyri-neft sektorunun inkişafını xüsusi vurğulayaraq bildirdi ki, 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb, 2020-ci ildən bəri bu sektorda real artım orta hesabla 5 faiz təşkil edib.
Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalandı. Bu sazişlər süni intellekt, enerji, istehsalat və infrastruktur kimi strateji sahələri əhatə edir.
Dövlət başçısı beynəlxalq şirkətlərin Azərbaycana etimadını xüsusi qeyd edərək bildirdi: “Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər”.
Forumda 70 ölkədən 803 xarici nümayəndə də daxil olmaqla, 3000-dən çox iştirakçı qeydiyyatdan keçdi. Tədbirdə BlackRock, Global Infrastructure Partners və Brookfield Asset Management kimi nəhəng investisiya şirkətləri təmsil olundu.
Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində qeyd etdi ki, ötən il imzalanan investisiya sazişlərinin ümumi dəyəri 10 milyard dolları ötüb və bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşüb.
Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və dövlət-özəl tərəfdaşlığı mexanizmləri investorlar üçün dayanıqlı layihələrdə iştirak imkanları yaradır.
Forumun strateji tərəfdaşı Avropanın aparıcı beyin mərkəzlərindən olan “The European House – Ambrosetti & TEHA Group” oldu. Tədbirdə qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları geniş müzakirə olundu.
Azərbaycanın Orta Dəhlizin inkişafı, yaşıl keçid, rəqəmsal transformasiya və kapital bazarları sahəsində təqdim etdiyi imkanlar beynəlxalq investorlar tərəfindən yüksək qiymətləndirildi.
Bu ilin ilk altı ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 3 milyard dollardan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artım deməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal investorlar üçün etibarlı tərəfdaş, dayanıqlı investisiya mühiti və strateji layihələr mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Əlirza Abdullayev
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş