Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri, böyük oyunun kiçik detalları

Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri, böyük oyunun kiçik detalları


Yaxud, koordinasiyalı qurulan FETÖ-Mehdiyev əməkdaşlığı

Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq, iki ölkə arasında mövcud olan dostluq-qardaşlıq əlaqələrinə kölgə salmaq istəyənlər yenə iş başındadırlar. Növbəti dəfə Bakı və Ankaranı sınağa çəkməyə çalışırlar. Yaxın tariximizdə, xüsusilə müstəqillik illərindən sonra tez-tez qarşılaşdığımız mənzərədir bu. Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafında yeni bir mərhələ açılınca hansı ölkədə mövcud olmaqlarından asılı olmayaraq farsbaşlar, rusbaşlar, fetoçular, “5-ci kolon” dərhal hərəkətə keçərək bu prosesə əngəl olmağa çalışır, sanki əvvəlcədən hazırlanmış uzun vədəli bir proqramın bəndlərindən birini icra etməyə başlayırlar. Qarabağ münaqişəsinin mövcud olduğu illərdə müntəzəm olaraq Ermənistanla sərhədlərin açılması ilə bağlı məsələnin gündəmə gətirilməsi, guya bunun Türkiyə cəmiyyətinin sosial sifarişi olduğunu iddia edərək iki dost-qardaş xalq arasında dövlətlərarası münasibətlərdən daha çox xalqlar arasında əlaqələrə ciddi zərbə vurmaq cəhdləri, Türkiyə-Ermənistan futbol oyunu zamanı yaşanan bayraq qalmaqalı, FETÖ-nün Türk xalqına bəh-bəhlə təqdim etdiyi Sürix protokolu, eləcə də sadalalamağa zaman tapmadığımız bənzər olaylar məhz Bakı ilə Ankara arasında yüksək səviyyəli dostluq-qardaşlıq bağlarını sarsıltmağa, bu əlaqələrə zərbə vurmağa hesablanmış proqramın, ssenarinin ayrı-ayrı bəndləridir. Ancaq sevindirici haldır ki, bütün bu sınaqlardan, iki dost-qardaş arasında problemlər yaratmağa yönəlik cəhdlərdən Azərbaycan və Türkiyə dövləti, xalqı uğurla çıxıb, təxribatçılara imkan tanımayıb.

Konkret faktlarla bu günə qədər yaşananlara qısa ekskursiya etməklə nə qədər haqlı olduğumuzu sübuta yetirə bilərik. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan yeni dövrün tələblərinə uyğun olaraq Türkiyə ilə yaxınlaşma, tarixi, milli, dini köklərə bağlılıqdan irəli gələrək Ankara ilə əlaqələri inkişaf etdirməyə yönəlik siyasət həyata keçirməyə başladığı halda, məlum vertolyot olayı ortaya atılır, müharibə vəziyyətində olan Azərbaycana döyüş bölgəsindən vətəndaşlarını çıxarmaq üçün dəstək göstərilmir. Planlı şəkildə Ankara-Bakı yaxınlaşmasına zərbə vurmaq cəhdinı hesablanmış bu addımın arxasında FETÖ-nün dayandığı indi üzə çıxır. Qardaş ölkədə yaxın tarixmizdə yaşanan çevriliş cəhdinə dair istintaq materialları sübut etdi ki, FETÖ hələ 80-90-lardan Türkiyə hərbiyəsinə nüfuz edərək bu sahədə kifayət qədər söz sahibinə çevrilib. Həmin dövrdə Türkiyə hökumətinin daxilində də indi olduğu kimi kifayət qədər antiTürk, antiAzərbaycan, daha geniş mənada Türk dünyasının birliyini istəməyən qüvvələr vardı və məlum olay da məhz həmin yanaşmadan irəli gəlirdi.

Yaxud, Türkdilli ölkələrin əməkdaşlığı, birlik və bərabərliyi yeni dövrdə yeni mərhələyə qədəm qoyduğu bir vaxtda yenə FETÖ ssenarisi işə düşür. 2009-cu ildə Naxçıvan şəhəri Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısına evsahibliyi etməyə hazırlaşdığı bir vaxtda həmin dövrdə Türkiyə hökumətini idarə edən FETÖ və onun komandası yeni bir sürpriz, Sürix protokolu hazırlayır. Türkiyə mediası, qəzet və saytları Naxçıvandakı zirvə görüşündən bir cümlə yazmadığı halda, FETÖ-nün media şəbəkəsi bədnam Sürix razılaşmasını tarixi şans, fürsət kimi tirajlayır, bu addımı atmaqla konkret Azərbaycana arxadan zərbə vurmağı hədəfləyirdi. Ardınca Bursada keçirilən Türkiyə-Ermənistan futbol qarşılaşması zamanı yaşanan bayraq qalmaqalı, hər iki təxribata qarşı Azərbaycandan olan reaksiya, buradakı antiTürkiyə, hakimiyyətdə təmsil olunan “5-ci kolon” tərəfindən atılan addımlar məhz Bakı ilə Ankaraya qarşı qurulan böyük oyunun həlqələrindən biri idi. Yaxşı xatirimdədir, o vaxt ATXƏM olaraq bizim ofisimizin qarşısında Azərbaycanla yanaşı, qardaş Türkiyə, eyni zamanda digər Türk dövlətlərinin bayraqları dalğalanırdı. Türkiyədə qeyd etdiyimiz hadisələr yaşanan zaman ofisimizin qarşısından gecə saatlarında Türkiyə bayrağı çıxarılırdı. Bir neçə gün bu proses davam etdi və hər gün biz bayrağı yenilədikcə, Bakıdakı təxribatçılar da öz çirkin əməllərini davam etdirirdilər. Sonda əraziyə müşahidə kamerasi quraşdırmaqla bunun qarşısını ala bildik. Sonradan məlum oldu ki, Azərbaycanda bu prosesin əsas hərəkətverici qüvvəsi Rusiyanın bir nömrəli adamı Ramiz Mehdiyevdir. ATXƏM-in ofisinin qarşısından Türkiyə bayrağının götürülməsi tapşırığı da birbaşa Mehdiyev tərəfindən verilib. Yəni, antiTürk, antiAzərbaycan siyasətinin həyata keçməsində FETÖ-Mehdiyev əməkdaşlığı ən sıx şəkildə bir-birinə bağlı olub. Sonrakı illərdə də tam aydın oldu ki, Mehdiyevin yaxın ətrafı məhz fetöçulardan ibarət olub.

Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyənlər sırasında hər iki ölkədə mövcud olan farsbaşlar da az fəaliyyətdə deyillər. İran siyasi İslam və radikalizm siyasəti ilə Azərbaycanda olduğu kimi, Türkiyədə də iş aparıb. Bunun üçün milyardlarla dollar sərf edərək məqsədinə çatmağa çalışıb. Məhz həmin qüvvələr də bu kimi həssas məqamlarda hərəkətə gətirələrək bir növ odun üzərinə benzin tökməklə məşğul olur, özlərinə yaxın media resurslarında, sosial şəbəkə hesablarında Azərbaycanı hədəfləyən yazılar dərc edirlər. Hesab edirəm ki, hazırkı situasiyada Azərbaycanın İsrailə kömək etməsi ilə bağlı Türkiyənin media və sosial seqmentində işıq üzü görən əsassız yazıların da arxasında məhz İrana bağlı olan qeyd etdiyim şəbəkə dayanır. Ancaq nəzərə almaq lazımdır ki, hansısa media resursu, yaxud QHT-nin keçirdiyi rəy sorğusunun nəticəsini ümumi Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim etmək doğu deyil. Belə cəfəng rəy sorğuları, fikirlərlə cəmiyyəti çaşdırmaq olmaz. Türkiyənin Fələstin məsələsində kifayət qədər həssaslığından istifadə edərək məhz həmin şəbəkə tərəfindən Azərbaycanın İsrailə dəstək oldğu yalanı tirajlanır. Reallıq isə ondan ibarətdir ki, İsrailin Azərbaycanın heç bir yardımına ehtiyacı yoxdur. Əksinə, Azərbaycanın İsrailin dəstəyinə ehtiyacı var və zamanında da bu dəstəyi görmüşük. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, Türkiyə-Azərbaycan qardaşlığı heç bir ölkə ilə müqayisə olunacaq dərəcədə deyil və Prezident İlham Əliyevin də zaman-zaman dediyi kimi, Türkiyə-Azərbaycan münasibətləri dünyaya nümunə olacaq səviyyədədir. Biz də iki qardaş ölkənin dövlət başçılarının ortaya qoyduğu siyasi iradə, real işbirliyindən yola çıxaraq bu birlik, bərabərliyə, qardaşlığa öz töhfəmizi verməyə çalışırıq. Hələ 20 il əvvəl “Birlik” jurnalına verdiyim müsahibə zamanı bildirmişdim ki, Türkiyə-Azərbaycan münasibətləri sarsılmaz qalaya bənzəyir. Onun ətrafından nə qədər güclü küləklər əssə də, lakin o qaladan bir kərpic belə qoparmağa müvəffəq olmaz. Ona görə də əminliklə deyə bilərik ki, son vaxtlar Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün edilən cəhdlər uğursuzluqla nəticələnəcək və məkirli qüvvələr öz istəklərinə nail ola bilməyəcəklər.

İlham İsmayılov,

ATXƏM sədri
Xəbəri paylaş