
"Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur.Səbəb aydındır. Hələ bir neçə gün əvvəl Rusiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı mövcud mexanizmdən sui-istifadə hallarının aşkarlandığını bildirmişdi. Hətta eyni təsdiqedici sənədlərdən istifadə etməklə bir neçə partiya nağd pulun ölkədən çıxarılmasına cəhdlərin olduğu açıqlanmışdı. Buna görə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Gömrük Xidməti arasında məlumatların birləşdirilməsi, eyni sənədin təkrar istifadəsinin müəyyən edilməsi istiqamətində iş aparılır".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, görünür Rusiyadan maliyyə sistemindən kənar böyük həcmdə nağd pul çıxarılması ilə bağlı müəyyən siqnallar var və yeni qərar da bundan qaynaqlanır6
"Əvvəlki məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv ölkələri əhatə edirdi. Yeni qərarla Azərbaycan, Tacikistan və Özbəkistan da ayrıca bu siyahıya daxil edilib. Bəs bunun Azərbaycana real təsiri nə qədər olacaq?
Rusiya Azərbaycana pul köçürmələrinin əsas mənbəyidir. 2024-cü ildə Rusiyadan Azərbaycana 497 milyon dollar, 2025-ci ildə 479,3 milyon dollar pul köçürülüb. 2025-ci ildə ümumilikdə ölkəyə daxil olan 1,177 milyard dollarlıq pul köçürmələrinin təxminən 41%-i Rusiyanın payına düşüb.
2026-cı ilin ilk yarısında isə Rusiyadan Azərbaycana köçürmələr 356,7 milyon dollara çatıb və 67,4% artıb. Bu, həmin dövrdə Azərbaycana daxil olan bütün pul köçürmələrinin 47,6% deməkdir".
Eldəniz Əmirovun sözlərinə görə, amma bir məsələ var ki, bu yüz milyonlarla dollar əsasən bank infrastrukturu və pulköçürmə sistemləri ilə gələn vəsaitdir:
"Yeni 1 milyon rubl limiti isə məhz fiziki şəkildə ölkədən çıxarılan nağd pula aiddir.
Rusiyadan Azərbaycana il ərzində ciblərdə, çantalarda və baqajlarda nə qədər nağd rubl gətirildiyinə dair ayrıca açıq rəsmi statistika yoxdur. Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq mümkün deyil.
Amma mövcud durum deməyə əsas verir ki, bütün hallarda bu bizim üçün elə də.narahatedici qərar deyil. Məgər Azərbaycana bir dəfəyə cibinə 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul qoyub, gətirən fiziki şəxslərin sayı nə qədərdir?! Gətirmək istəyən də, 1 milyon rublu cibində, yerdə qalanı da bankla gətirə (köçürə) biləcək.
Odur ki, qərarın Azərbaycana ümumi pul axınına təsiri ciddi olmayacaq. Bunun daha çox, iri məbləğlərin nağd və maliyyə sistemindən kənar daşınmasına təsiri olacaq".
Süleyman












































