
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva zəngin çoxşaxəli fəaliyyəti ilə həm özünü təsdiq edib, həm də milyonların qəlbində taxt qurub. Eyni zamanda Onun geniş spektrli fəaliyyəti hər bir vətəndaş üçün örnək olub. Təkcə siyasi deyil, eyni zamanda sosial, humanitar, səhiyyə sahəsində həyata keçirdiyi layihələr, irəli sürdüyü təşəbbüslər öz növbəsində əhalinin sosial rifah halının yüksəldilməsində mühüm rol oynayıb. Hər bir Azərbaycan vətəndaşı Mehriban xanımın həyata keçirdiyi təşəbbüslər və layihələrin səmərəliliyini, nəticəyə hesablanmış uğurlarını öz həyatında hiss edib".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O bildirib ki, Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi təşəbbüslər və layihələrdən minlərlə insan bəhrələnib:
"İstər Milli Məclisin deputatı olduğu illərdə, istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban Əliyeva sosial islahatların genişlənməsində mühüm rol oynayıb. Aztəminatlı ailələrə dəstək Mehriban xanımın fəaliyyətində hər zaman prioritet olub. Bundan başqa O, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, sosial evlərin tikintisi və ərzaq yardımı kimi layihələrin reallaşmasında mühüm rol oynayıb".
Susana Məmmədova qeyd edib ki, əhalinin həssas təbəqəsi xüsusilə Mehriban xanımın hər zaman diqqətində olub:
"Qaçqın və məcburi köçkünlərlə iş, onların məskunlaşma şəraitinin yaxşılaşdırılması, yeni yaşayış komplekslərinin istifadəyə verilməsi Mehriban xanım Əliyevanın zəngin çoxşaxəli fəaliyyətinin bir hissəsidir. Əlilliyi olan şəxslərlə bağlı islahat təşəbbüsləri, fiziki məhdudiyyətli şəxslər üçün əlverişli mühitin uyğunlaşdırılması, onlar üçün infrastrukturun əlçatan olması üçün nəzərdə tutulan layihələr və həyata keçirilən tədbirlər də Mehriban xanımın fəaliyyətində mühüm istiqamətlərdən biri olub".
Anar Əliyev