
"2022-ci ildən başlanan Ukrayna-Rusiya müharibəsinin durdurulması üçün beynəlxalq ictimaiyyətin səyləri öz müsbət nəticəsini verməsə də, təşəbbüslər davam etdirilməkdədir. Müharibənin həllini çətinləşdirən bura cəlb olunan maraqlı qüvvələrin fərqliliyi və çoxluğudur".
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov səsləndirib. O bildirib ki, müharibə təkcə Ukrayna və Rusiya arasında olsaydı bəlkə də müəyyən razılaşmalar əldə etmək mümkün idi:
"Hazırkı durumda isə hətta müvəqqəti atəşkəs elan olunması müşküldür. Heç bir tərəf kompromisə hazır deyil və maksimalist yanaşma sərgiləyirlər. Kiyev müharibə başlayandan öz mövqeyindən, Moskva isə iddialarından bir addım da olsa geri çəkilmək istəmir. Onlara dəstək verən tərəflər isə müharibəyə həm də öz təhlükəsizliyi və mənafeləri prizmasından yanaşırlar. Ona görə də müharibənin miqyası və şiddəti günü-gündən artır".
Əli Orucov hesab edir ki, hansısa uğur əldə etmək və Rusiya işğalını durdurmaq üçün üç istiqamətdə işləri daha da aktivləşdirməyə ehtiyac var:
"Birincisi, Kiyevin müdafiə qabiliyyətini və maliyyə dəstəyini gücləndirmək. Xüsusən də hava məkanını etibarlı qorumaq. Rusiyanın içərilərinə hücumun sayını artırmaq. Rusiya və rus cəmiyuəti müharibənin ağırlığını öz çiynində hiss eləməli və buni yaşamalıdır ki, Putinə və komandasına etirazları effektli olsun. Onu danışıqlara məcbur etsin. İkinci istiqamət iqtisadi və buna oxşar sanksiyaları sərtəşdirmək. Nəhayət üçüncüsü, Rusiyaya dəstək verən, onu cürətləndirən Çin, İran, Hindistan kimi dövlətləri ondan ayırmaq. Hətta Şimali Koreya kimi qapalı hərbiləşdirilmiş rejimlə də işlənilməlidir. Doğrudur bunlar heç də asan deyil. Bizsə bunun əksini görürük. ABŞ və onun qərbli müttəfiqləri həmin dövlətlərə qarşı mövqeləri adekvat deyil".
Süleyman