Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir dövlətçilik modelinin formalaşdırılması istiqamətində fundamental addım

Müasir dövlətçilik modelinin formalaşdırılması istiqamətində fundamental addım


“1995-ci ilin 12 noyabr tarixində müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ölkəmizin tarixində mühüm hadisə olmaqla yanaşı, müasir dövlətçilik modelinin formalaşdırılması istiqamətində fundamental addım idi. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin demokratik, hüquqi, dünyəvi və unitar xarakterini müəyyən etdi. Sənəddə dövlət hakimiyyətinin mənbəyinin Azərbaycan xalqı olduğu təsbit edildi, hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında bölünməsi prinsipi müəyyənləşdirildi. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, dövlətin və cəmiyyətin qarşılıqlı münasibətləri Konstitusiyanın əsas müddəaları kimi təsbit olundu”.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu deyən İlham Məmmədovun sözlərinə görə, Konstitusiyanın hazırlanması ilə bağlı yaradılmış Komissiyaya Ümummili Liderin rəhbərlik etməsi Onun bu prosesdə nə dərəcədə yaxından iştirak etdiyini, bu istiqamətdə ciddi çalışdığını təsdiq edirdi:

“Çünki bu vaxta qədər müstəqil Azərbaycanın Konstitusiyası mövcud deyildi. Heydər Əliyevə qədər hakimiyyətdə olan siyasi qüvvələr buna cəhd göstərsələr də, lakin prosesi tamamlaya bilməmiş, siyasi, hüquqi-demokratik islahatlardan daha çox hakimiyyətdaxili, kreslo uğrunda mübarizəyə üstünlük verdiklərindən dövlət üçün vacib olan əsas əsas prinsiplər yaddan çıxmışdı. Yalnız 1993-cü ildə ölkədə baş verən vətəndaş müharibəsi fonunda xalqın təkidli tələbi ilə Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra bütün istiqamətlərdə olduğu kimi ölkənin əsas Ana Qanunun hazırlanması və qəbul edilməsi istiqamətində addınlar atılmağa başlanıldı. Beləliklə, 1995-ci il, noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi”.

Millət vəkili deyib ki, Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi müəyyən edilməsidir:

“Bu yanaşma Azərbaycanın hüquqi dövlət quruculuğunda insan amilinə, vətəndaşların hüquqlarının qorunmasına və demokratik prinsiplərin inkişafına xüsusi əhəmiyyət verildiyini göstərir. Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsi və cəmiyyətdə qanunun aliliyinin qorunması üçün fundamental əsasdır”.

İlham Məmmədov deyib ki, Konstitusiyanın müstəqil Azərbaycanın əsas qanunu kimi formalaşması, möhkəmləndirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biridir:

"Bu proses Azərbaycanın siyasi, hüquqi və ictimai həyatında baş verən dəyişiklikləri, dövlət institutlarının inkişafını və milli suverenliyin möhkəmləndirilməsini özündə əks etdirir.

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı sərəncamla 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin dövlətçilik tarixinin, Konstitusiyanın hüquqi və siyasi əhəmiyyətinin, milli suverenliyin və müstəqilliyin qorunmasının bir daha diqqət mərkəzinə gətirilməsinə xidmət etdi. Bu təşəbbüs Azərbaycanın müasir tarixində əldə etdiyi mühüm nailiyyətlərin, xüsusilə dövlət suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasının konstitusion və siyasi baxımdan qiymətləndirilməsi üçün geniş imkanlar yaratdı".


Süleyman
Xəbəri paylaş