Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Çin münasibətlərində YENİ SƏHİFƏ

Azərbaycan-Çin münasibətlərində YENİ SƏHİFƏ


Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti başa çatdı. Bu sammit təşkilatın indiyə qədərki ən böyük tədbiri idi. Bu baxımdan Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələnin başlanğıcı və ölkəmizin beynəlxalq platformalarda uğurlu iştirakının növbəti mühüm hadisəsi kimi kimi qiymətləndirilir.

Azərbaycan liderinin Çində qarşılanma mərasimindən tutmuş bütün tədbirlərdə göstərilən xüsusi diqqət də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi idi. Prezidentin sammitdəki çıxışı da diqqətlə izlənildi. Cənab İlham Əliyev çıxışında daha çox Azərbaycan-Çin əlaqələrinə diqqət ayırdı.

Ölkə başçısı Azərbaycanın regionda Çinin etibarlı tərəfdaşı olduğunu qeyd etdi. İ.Əliyev bildirib ki, bu il Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə birgə bəyanat imzalanıb və bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açıb.

Dövlət başçımız Çinin irəli sürdüyü bütün qlobal təşəbbüsləri dəstəklədiyini bildirdi. Çinin təşəbbüsləri BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış addımlardır.

Çin dünyanın ən güclü dövlətlərinin zirvəsində dayanmasına baxmayaraq bəzilərindən fərqli olaraq özünü üstün tutmur və münasibətləri qarşılıqlı hörmət və ədalət prinsipləri üzərində qurur. Dövlət başçımızın çıxışında “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır” deməsi əlbəttə ki, yaratdığımız yeni reallıqla regionumuzun təhlükəsizliyinin yeni arxitekturasını yaratmaqla Çinin qlobal təşəbbüslərini reallıqda dəstəkləyir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyərək real töhfələr verən ilk ölkədir.

Prezident İlham Əliyevin Çin səfəri və keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi daha da möhkəmləndirib. Hindistanın cəhdlərinə baxmayaraq, Azərbaycan ŞƏT tərəfdaş statusu qazanıb.

Dünyanın böyük iqtisadi və təbii resurslarına malik olan ŞƏT hazırda qlobal güc mərkəzlərindən biridir və təşkilatda olmaq Azərbaycana əlavə imkanlar yaradır. Bu strateji mövqe Azərbaycanın həm regional iqtisadi layihələrdə, həm də qlobal miqyasda diplomatik proseslərdə iştirakını artırır.

Prezident İlham Əliyevin səfəri və sammit çərçivəsində keçirilən görüşlər Azərbaycanın iqtisadi, siyasi və strateji maraqlarının təmin olunmasına, ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Azərbaycan ŞƏT daxilində fəal iştirak edərək həm iqtisadi, həm də diplomatik baxımdan əhəmiyyətli üstünlüklər qazanır, Qlobal Şərq və Qlobal Qərb arasında etibarlı tərəfdaş və strateji körpü kimi mövqeyini möhkəmləndirir.

Prezidentin Çin səfərində diqqət çəkən bir neçə protokol məqamları da siyasi əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmasında sonra məhz Çində Azərbaycan rəhbəri ilə erməni baş nazir arasında ilk görüş də baş tutdu. Heç bir vasitəçi olmadan, birbaşa təmasla baş tutan məhz bu görüşdən sonra da ATƏT-in Minsk Qrupunun rəsmi şəkildə buraxılması mühüm hadisə idi.

Eyni zamanda keçirilən tədbirlərdə Azərbaycan və İran prezidentlərinin doğma ana dilində səmimi söhbətləri diqqətdən qaçmaya bilməzdi. Heç şübhəsiz ki, Çində keçirilən tədbirlərlə bağlı son aylardakı gərginliklər fonunda Azərbaycan və Rusiya prezidentlərinin görüşünün baş tutub-tutmayacağı əsas müzakirələr sırasında idi.

Sammitin keçirildiyi günlərdə yalnız bir dəfə ayaqüstü salamlaşma baş tutdu. Azərbaycan Prezidentinin yüksək diplomatik qürur və qətiyyəti ilə müşahidə olunan bu görüşün ardınca Putinin “Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq “ bəyanatı ciddi rezonans doğurdu. Azərbaycanın haqlı tələbləri qarşısında Kreml rəhbərinin susqunluğu bu şəkildə pozması daha bir həqiqəti təsdiqləmiş oldu.

Azərbaycan artıq 20 faizi torpağı işğal olunmuş məğlub ölkə, xalq deyil. Azərbaycan qalib xalqdır və özünə hörmət tələb edir. Qaba gücdən istifadə etməklə Azərbaycanın qərarlarına təsir etmək mümkün deyil. Azərbaycanın və Rusiyanın mənafeləri tələb edir ki, tarixi əlaqələri olan yaxın qonşular kimi dostluq və əməkdaşlıq şəraitində yaşayaq.

Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı
Xəbəri paylaş