Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İzmirdə Azərbaycan - Türkiyə IV Enerji Forumu keçirilib

İzmirdə Azərbaycan - Türkiyə IV Enerji Forumu keçirilib


İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib.

Newscenter.az xəbər verir ki, forumun açılışında çıxış edən nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir. Nazir vurğulayıb ki, “bir millət, iki dövlət” prinsiplərinə əsaslanan və dövlət başçılarının qarşılıqlı inam və güvənlə həyata keçirdiyi siyasət Azərbaycan-Türkiyə münasibətlərini tarixdə misli görünməmiş səviyyəyə yüksəldərək bütün enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilib. Bildirilib ki, indiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz göndərilib.

Energetika naziri deyib: “Azərbaycan-Türkiyə enerji tərəfdaşlığı ölkələrimizi neft, qaz və bərpa olunan enerji sahəsində uzunmüddətli tərəfdaş kimi möhkəmləndirən, dəyişən geosiyasi reallıqlar fonunda regional və qlobal miqyasda mövqelərimizi gücləndirən yeni mərhələyə daxil olub. “İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, “yaşıl enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır.”

Qeyd olunub ki, Zəngəzur dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də “yaşıl enerji”nin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək strateji marşrutdur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və türk dövlətləri ilə enerji və kommunikasiya əlaqələrinə yeni güc qatacaq, ölkələrimizi Orta Dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən birinə çevirəcək. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik bağlantılarının yaradılmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin “yaşıl enerji”nin ixracı və tranziti üzrə Naxçıvan, Zəngəzur marşrutları ilə yanaşı, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektorunun da icrasından bəhs edilib.

Çıxışda türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihələrinə də toxunulub. Forumun, karbohidrogenlərdən mədənçiliyə, bərpa olunan enerjidən enerji tənzimlənməsinə qədər geniş sahələri əhatə edən əməkdaşlığı təşviq etməklə, Azərbaycan-Türkiyə enerji birliyinin uzunmüddətli enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdiyi qeyd olunub.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə deyib ki, Türkiyə və Azərbaycan sahib olduqları geostrateji mövqe, zəngin təbii sərvətlər və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatının təhlükəsizliyinə mühüm töhfələr verir. Türkiyə və Azərbaycan güclü infrastrukturu və köklü əlaqələri ilə həm regional təchizat təhlükəsizliyində, həm də qlobal bazarlarda etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcək.

Açılış mərasimində iştirak edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev də çıxış edərək iki ölkənin enerji keçidi sahəsində əməkdaşlığının və COP29 təşəbbüsləri üzrə həmrəyliyinin iqlim məsələlərinə töhfələrindən danışıb.

Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə İşçi qruplarının məruzələri dinlənilib. Həmçinin enerji şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Enerji təhlükəsizliyinin gücləndirilməsi, qlobal və regional enerji qurumlarında əməkdaşlığın davam etdirilməsi, elektrik sahəsində ikitərəfli və çoxtərəfli layihələrin birgə icrası, eləcə də Türkiyədə, Azərbaycanda və üçüncü ölkələrdə enerji və mədənçilik investisiya layihələrinin dəstəklənməsi üzrə əməkdaşlıq etmək razılaşdırılıb. Yekunda “Türkiyə-Azərbaycan IV Enerji Forumunun Protokolu” imzalanıb.

Süleyman
Xəbəri paylaş