
Sentyabrın 4-də Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Newscenter.az xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans iştirakçılarını salamlayan MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. 2024-2025-ci tədris ilində İdarənin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edən N.Hüseynova əldə olunan nəticələrin müqayisəli təhlilini diqqətə çatdırıb.
İdarə müdiri mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.
N.Hüseynova bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara rəqəmsal biliklərin daha dərindən aşılanması, həmçinin dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması və digər istiqamətlər qarşıda duran əsas məqsədlərdəndir.
N.Hüseynova bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
MÜTDA-nın Rəqəmsal idarəetmə sektorunun müdiri Fidan Nəcəfova çıxış edərək yeni tədris ilinin hədəflərindən, “Rəqəmsal məktəb platforması”nın təhsil iştirakçılarına qazandırdığı ütünlüklərdən danışıb və platforma üzrə son vəziyyət barədə məlumat verib. F. Nəcəfova platformanın işinə dəstək məqsədilə məktəb rəhbərıləri üçün təlim və seminarların təşkili olunacağını vurğulayıb.
Konfrans daha sonra “Dəyirmi masa” müzakirələri ilə davam edəcək.
Müzakirələr zamanı keyfiyyət göstəriciləri və mövcud problemlər barədə söhbət açılacaq, iştirakçıların fikir və tövsiyələri dinləniləcək, onları maraqlandıran suallara cavab veriləcək.
Konfrans sabah da işini davam etdirəcək.
Müxtəlif peşəkar meyarlar əsasında seçilmiş fənn müəllimləri ilə keçiriləcək görüşlər panel müzakirələr formatında təşkil olunacaq, fəaliyyət planı və təkliflər paketi hazırlanacaq.
Ruhiyyə Mehdiyeva