
Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kanqaspuro və institutun professoru Dmitri Frolov Sosial Tədqiqatlar Mərkəzində (STM) görüş keçiriblər. Görüşdə STM-in İdarə heyətinin sədri Zahid Oruc, Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli, Sosial-iqtisadi Təhlil Departamentinin sektor müdiri Humay Axunzadə və Media və Kommunikasiya Departamentinin aparıcı məsləhətçisi Paşa Bayramov iştirak ediblər.
Newscenter.az xəbər verir ki, görüş zamanı STM-in əsas fəaliyyət istiqamətləri, hazırda tamamlanan və bitmiş tədqiqatlar, həmçinin STM-in beyin mərkəzləri arasında rolu və əhəmiyyəti haqqında məlumat təqdim edilib. Qonaqlar Aleksanteri İnstitutunun fəaliyyəti, Azərbaycanda həyata keçirilən tədqiqatlar və institutun Rusiya, Şərqi Avropa və Avrasiya üzrə apardığı milli və beynəlxalq tədqiqatlar barədə danışıb.
Qonaqlar görüş zamanı daha əvvəl Heydər Əliyev Fondunda və Arxiv İnstitutu ilə keçirilən görüşlərdə olduqlarını və təmaslardan məmnun qaldıqlarını ifadə ediblər. Öz növbəsində Zahid Oruc Qarabağ məsələsi, tarixi ədalətin bərqərar olması və regiondakı post-müharibə təhlükəsizlik arxitekturası ilə bağlı mövzulara toxunub.
Görüşün əsas mövzuları sırasında Zəngəzur dəhlizi, beynəlxalq təhlükəsizlik məsələləri və 8 avqust görüşünün tədqiqat predmetləri də müzakirə olunub. Həmçinin sonda STM əməkdaşlarının tədqiqatlarının Aleksanteri İnstitutunda dərc edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Aleksanteri İnstitutu (fin. Aleksanteri-instituutti) Helsinki Universitetinin Rusiya, Şərqi Avropa və Avrasiya Araşdırmaları üzrə Finlandiya Mərkəzidir. İnstitut, sosial və humanitar elmlərə aid milli tədqiqat və ekspertiza mərkəzi kimi fəaliyyət göstərir, həm Finlandiyada, həm də xaricdə akademik dünya, dövlət idarəçiliyi, işgüzar sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı fəal şəkildə təşviq edir.
Süleyman