
Qarabağsız, Qarabağla, Qarabağlı olan Azərbaycan!
Qarabağsız Azərbaycan təkcə “Qarabağlılar” üçün deyil, bütün xalqımız üçün böyük bir xiffət idi. Bu, təkcə torpaq itkisi deyildi, həm də mənəvi, mədəni tariximizdə bir boşluq yaratmışdı. İşğal altında olan torpaqlar hər bir vətənpərvər Azərbaycanlı üçün şərəf və namus məsələsi idi. Millətimiz həmrəylik və birliyi ilə bunu sübut etdi. Qarabağ bizdə olmayanda, qarabağsız yaşamaq qəlbimizdə dərin bir yara açmışdı. Bu, yalnız fiziki itki deyil, həm də psixoloji təzyiq, yangı, nisgil, xiffət və bir həsrət idi. Lakin 2020-ci il və Vətən müharibəsindən sonra bu nisgilə, xiffətə son qoyuldu. Qarabağ artıq yaralı yerimiz kimi yox, qürur, şərəf və zəfər simvolu olaraq ordumuz və diplomatiyamız tərəfindən tarixə yazıldı.
Bu tarix bizim üçün, əcdadlarımız və gələcəyimiz üçün böyük bir mənəvi qürur, dayanıqlı dəyər və hörmətlə qorunan dövlətçilik konsepsiyasıdır. Bu tarixi yazanlar bu strategiyanı qısa müddətdə yox, illərin keşməkeşlərindən və sınaqlarından keçərək, qətiyyət, prinsipiallıq və hünərlə ərsəyə gətirdi Dövlətimizin şanlı bayrağı isə dünya bayraqları sırasında özünə, dövlətinə və keçmişinə hörmət qoyan ölkələrin bayraqları içində ən uca zirvəyə qaldırıldı. Bu, diplomatik gücün və ədalətli mübarizənin, hesablaşmanın əməyi sayəsində oldu. Prezident İlham Əliyevin siyasəti isə Azərbaycanı həm regional, həm də qlobal miqyasda müstəqil, balanslı və çoxşaxəli siyasət yürüdən dövlət kimi dünyanın siyasi kitabında layiqincə təqdimatını apardı. Qonşu ölkələrlə münasibətlərdə, hətta nadanlıq göstərənlər qarşısında belə prinsipial mövqeyini ortaya qoyaraq tarazlaşdırılmış siyasət yürütmək Azərbaycanın diplomatik xəttinin əsas dayaqlarındandır. Bu siyasət siyasi qütblər arasında birləşdirici körpü rolunu oynayır və konseptual yanaşması ilə inkişaf mərhələsini sürətlə irəli aparır. Enerji və nəqliyyat diplomatiyasında əldə edilən böyük nailiyyətlər ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan qlobal təşəbbüslərdə dünya üçün önəmli və aktual məsələlərin təklifində ön sıralarda yer almaqla beynəlxalq müstəvidə xüsusi nüfuz qazanmışdır. Hərbi güclərə, yönələn təhdidlərə, qətiyyətli diplomatiya ilə cavab verək; nəzərə alaq ki, diplomatiya ilə hərbi gücün sintezi siyasətin əsas elementlərindən biridir.
“Qarabağ münaqişəsi” ifadəsinin dünya leksikonundan silinməsi və regionda davamlı sülhün, təhlükəsizliyin yaranması üçün yeni geosiyasi reallıqların formalaşdırılması bütün bunlar Azərbaycanın aktivinə yazılan böyük uğurlardır. Bəli, biz bu qələbələri qazanmışıq və bunu hünərli diplomatiyanın sayəsində əldə etmişik. Bu gün dünya Azərbaycana tam fərqli rakursdan yanaşır Lider kimi, ağıllı dövlət başçısı kimi, qətiyyətli, ədalətli və ləyaqətli bir siyasi xadimin milli strategiyası ilə irəliləyən, inkişaf edən, yüksələn bir ölkə kimi. Yeni dünya nizamına baxışda bu cür liderlərin nə qədər dəyərli olduğu, bu prosesin vacib şərtlərindən biridir.Siyasətdə dünyanın beyin mərkəzlərində baş verənləri izləmək, həmin mərkəzlərin təcrübəsindən yararlanmaq və eyni zamanda o mərkəzlərə siyasi töhfələrlə öz məharətini regionda ortaya qoymaq böyük bilik, intellekt, düşüncə və müdriklik tələb edir. İstər ABŞ-da, istər ŞƏT və Çində, istərsə də digər səfərlərdə baş verən hadisələr və İlham Əliyevə göstərilən münasibət illər öncə təməli qoyulmuş sistemli, fundamental diplomatiyanın bəhrəsidir. Bu, Vətən müharibəsindən sonra qazandığımız qələbənin siyasi çöhrəsidir. Bəli, biz öz dövlətimizin siyasi simasını elə səviyyəyə yüksəltmişik ki, bu gün həm region, həm də bəşəriyyət üçün inamlı, etibarlı və dəyərli bir nümunə formalaşıb. Bu, dövlətimizin dünyanın siyasi şərəf lövhəsində tutduğu yerdir. Həmin yeri qorumaq və yaşatmaq isə bütün vicdanlı vətəndaşların borcudur. Təəssüf ki, bu gün bəzi ölkələrin reallıqları qəbul etməyərək bizə münasibətdə böyük ədalətsizliklərə yol verməsi, ciddi qəbahətlərə imza atması, hələ də öz aləmlərində bizimlə təhdid dili ilə danışması indiki siyasi şəraiti dərk etməmələri və real vəziyyəti qiymətləndirməyi bacarmamaları ilə bağlıdır. Bu gün Rusiyadan bizə gələn təhdidlər tamamilə yanlış və perspektivsiz siyasi davranışlardır. Biz bilirik ki, siyasətdə əsas prinsip daimi düşmən və ya daimi dost anlayışının olmamasıdır. Siyasətdə daimi maraqlar mövcuddur və biz ölkəmizin daimi maraqlarının təhlükəsizliyini gələcək nəsillərə daşımaq üçün siyasi təməlimizi möhkəmlətmişik.
Sizin bu təməli zədələmək və ya tərpətmək haqqınız yoxdur. Sərsəm-sərsəm danışmaqdansa, toqquşmaları minimuma endirib, praktik əməkdaşlıq üçün yeni yollar açmaq lazımdır. İstər ölkə daxilindən, istərsə də xaricdən gələn təhdidlər bu gün sadəcə lokal xarakter daşıyır və dünya siyasətinin yeni mərhələsində bu lokallıq prinsipial dəyişikliklərə yol vermir.Xaricdən münasibətə görə ürəklənən daxili siyasətşünaslar, şüurlusu, şuursuzu, sevinənlərin, kədərlənənlərin yadına salmaq istəyirəm ki, siz qığırdaq siyasətçi rolunu oynayırsınız. Qığırdaq siyasətçilərə sözüm budur: polad siyasətçiyə siz çapınız yetmədi və yetməyəcək.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri