
"İctimai nəqliyyatda gediş haqqı 20 faiz, yəni 10 qəpik artırılaraq 60 qəpik oldu. Aidiyyatı rəsmi qurumlar və şəxslər cəmiyyəti inandırmağa çalışırdı ki, heç bir artım olmayacaq. Həmişəki kimi xalqı yenə aldatmaqda, yalan danışmaqda davam edirlər".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, zahirən 10 qəpik bəlkə də elə də böyük pul deyil, lakin bu 10 qəpiklər toplananda insanların büdcəsində təsirini göstərir:
"Təkcə artan ictimai nəqliyyatda gediş haqqı olmayacaq. Bunun ardınca digər sərnişin daşımalarında da bahalaşma baş verəcək. Neft pulları azalır. Büdcəni doldurmağın alternativ yolları məhduddur. Yarıtmaz idarəetmə, korrupsiya və rüşvətxorluq dərinlərə işləməkdədir. Şəhərin nəqliyyat təsərrüfatını şişirtmə rəqəmlər hesabına yenilənməsinin pullarını sakinlərdən çıxırlar. Sərnişin daşımalarında inhisarçı rola malik BakuBus, Faiqoğlu kimi şirkətlər faktiki talançılıqla məşğuldurlar. Həmçinin Bakı Metropoliteni QSC büdcə vəsaitlərini israfçılıqla xərcləyir. Təkcə ötən il Hesablama Palatası Bakı Metropoliteni QSC-də milyonlarla vəsaitin keçmiş sədr Zakir Hüseynov başda olmaqla mənimsənilməsi faktını ortaya çıxartdı. Lakin bunun hesabını heç kəsdən sormadılar".
Əli Orucov deyib ki, Bakubus MMC bu yaxınlarda Çin istehsalı olan bir avtobusu 545 min manata rəsmiləşdirərək ümumilikdə 86 milyon manat ödəyib:
"Bütün bunlar korrupsiya və qeyri-şəffaf sxemlərlə büdcənin mənimsənilməsidir. İndi də həmin milyonlonları xalqın cibindən çıxarırlar. Hər dəfə də belə edirlər. Ancaq nə həmin məmurların tamahları və ac gözləri doyur, nə də xalqın səbr kasası daşır".
Anar Əliyev