Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük güclərin hegemonluğunu dayandırmaq lazımdır

Böyük güclərin hegemonluğunu dayandırmaq lazımdır


"Bu gün Venesuelanın keçmiş lideri Nikolas Maduro və həyat yoldaşı Cilia Flores Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurası təcili toplanır. ABŞ-ın Venesuelaya hücum edərək Maduronu oğurlayıb ölkədən qaçırmasını dünyanın əksər siyasi müşahidəçiləri beynəlxalq hüququn pozulması, beynəlxalq hüquq normalarına tüpürülməsi, hegemonluq, quldurluq və hətta dövlət ter*rorizmi kimi qiymətləndirirlər. Bu cür dəyərləndirmələr müəyyən mənada həqiqəti əks etdirir. Bəli, Maduro qeyri-demokratik lider olsa da, lakin ABŞ-ın addımı isə birmənalı şəkildə açıq-aşkar beynəlxalq hüquqa qarşı demarşdır, dərəbəylikdir, saymamazlıqdır. ABŞ özünü rəsmən "dünya jandarmı" kimi aparır və Rusiyanın keçmiş sovet respublikalarını özünün "arxa bağçası" hesab etdiyi kimi, Ağ Evin rəhbərliyi də Latın Amerikası ölkələrinə qarşı eyni münasibəti sərgiləyir".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, ABŞ xüsusi təyinatlılarının Maduronu ələ keçirib Nyu Yorka aparmasında məqsəd Venesuelaya demokratiya və tərəqqi gətirmək deyil:

"Zatən Əfqanıstan, Liviya, İraq və Suriyanın hazırkı acı aqibəti göz qabağındadır. Bu ölkələr məhz ABŞ-ın sayəsində bu gün xaos və səfalət içində çabalayır. Venesuela da istisna deyil. Böyük ehtimalla bu ölkə də yaxın gələcəkdə siyasi hərcmərcliyə və iqtisadi tənəzzülə sürüklənəcək. Çünki ABŞ rəhbərliyinin məqsədi ilk növbədə Venesuelanın təbii sərvətlərinə əl qoymaqdır. Bu ölkə neft, qaz, qızıl, dəmir və digər təbii ehtiyatlar baxımından dünyanın ən zəngin ölkələrindən biri olmaqla ABŞ üçün əsl "yağlı tikə"dir. Tramp administrasiyası dünyanın ən böyük neft rezevrlərinə malik olan Venesuelanın neft sənayesinə əl qoymaqla dünya bazarlarına öz şərtlərini diktə etmək üçün unikal fürsət qazanır.

Digər bir amil isə geosiyasi proseslərlə bağlıdır. ABŞ-ın Venesueladakı ildırım sürətli xüsusi əməliyyatının əsas hədəflərindən biri məhz Çin və Rusiyanın Latın Amerikası ölkələrinə geoiqtisadi və hərbi təsirlərini önləməyə, neytrallaşdırmağa hesablanıb. Bu baxımdan Venesuela regiona nüfuz etmək, daxl olmaq üçün "açar" ölkə sayılırdı. Bu faktoru nəzərə alan Çin Venesuelada iqtisadi baxımdan möhkəmlənməyə başlamışdı. Rusiya isə Venesuelada ərbi mövcudluğunu tədricən artırırdı. Tramp isə təbii ki, bütün bunları sözügedən ölkələrin birbaşa ABŞ-a meydan oxuması kimi, açıq təhdid kimi dəyərləndirirdi. Ağ Ev Latın Amerikasını özünün forpostu, "arxa bağça"sı hesab etdiyinə görə dərhal hərəkətə keçdi. Bu mənada qarşıdakı dövrdə Kuba, Kolumbiya, Meksika kimi region ölkələri də eyni aqibətlə üzləşməkdən sığortalanmayıblar. Hətta Kanada və Qrenlandiya da Venesuelanın aqibətini təkrarlaya bilər".

Komitə sədri hesab edir ki, bütün bunlar bir daha onu göstərir ki, beynəlxalq hüquq həqiqətən də artıq öz işləkliyini itirib:

"Rusiyanın hərbi təcavüz, Çinin iqtisadi ekspansiya yoluyla beynəlxalq hüququ təsirsiz, səmərəsiz hala gətirməsi kimi ABŞ da Venesuelaya qarşı təcavüzkar davranışı ilə

Yalta və Potsdam konfranslarından sonra formalaşmış qlobal geosiyasi arxitekturanın tamamilə çökdüyünü ortaya qoydu və dünyanın keyfiyyətcə yeni mərhələyə girdiyini göstərdi. Daha doğrusu, bu hadisə, dünya üçün dönüş nöqtəsi sayılmalıdır. Belə ki, əvvəllər beynəlxalq hüququn təmin olunması və qorunması üçün birbaşa məsuliyyət daşıyan BMT TŞ-nın daimi üzvləri (xüsusən də Rusiya və ABŞ) indi "güclü haqlıdır", "güclülər mühakimə olunmur" prinsipindən çıxış etməyə başlayır və “hüququn gücü”nə deyil, “gücün hüququ”na istinad etməyə üstünlük verirlər.

Bunun nəticəsidir ki, bu gün dünyada beynəlxalq hüquq normaları işləmir və “kim güclüdür, o da haqlıdır” prinsipi bir sıra ölkələr tərəfindən əsas prinsip kimi qəbul edilir. Bu da öz növbəsində hazırda hər bir ölkəni öz təhlükəsizliyi haqqında ciddi şəkildə düşünməyə məcbur edir. Postsovet ölkələri üçün ən böyük təhlükə mənbəyi məhz Rusiyadır. Çünki Kremlin imperiya siyasəti keçmiş SSRİ-nin yenidən bərpa edilməsinə hesablanıb. Bu gün Rusiyanın "Xüsusi Hərbi Əməliyyat" adı altında Ukraynaya qarşı apardığı təcavüzkar müharibə də məhz sözügedən imperiya siyasətinin təzahürüdür. Lakin dünya birliyi böyük dövlətlərin qonşu ölkələrə öz "arxa bağça"ları kimi yanaşmalarına və neoimperialist davranışlarına laqeyd qalmamalıdır. Beynəlxalq hüququ bərpa etmək və böyük güclərin hegemonluğunu dayandırmaq lazımdır".

Süleyman
Xəbəri paylaş