
Ölkədə həm məhkəmə-hüquq sistemində zaman-zaman aparılan islahatlar, həm də cəzaçəkmə müəssisələrində ildən-ilə yaradılan yeni, müasir şərait, həbsxana və digər saxlanma müəssisəslərinin modernləşdirilməsi məhkumların da gündəlik həyatına müsbət təsir göstərir, onlarda yaşamaq eşqini artırır. Müntəzəm olataq müxtəlif cinayətlərdən azadlıqdan məhkum edilmiş ayrı-ayrı şəxslərin həm Ədliyyə Nazirliyi, həm də Pentensiar Xidmətə ünvanladıqları təşəkkür məktubları, müraciətlər belə deməyə əsas verir. Belə müraciətlərdən biri də ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Oruc Abbas oğlu Rəhimov tərəfindən ədliyyə naziri Fərid Əhmədova ünvanlanıb.
Newscenter.az həmin müraciəti olduğu kimi təqdim edir:
Azərbaycan Respublikasının Ədliyyə naziri Cənab Fərid Əhmədova
Bakı şəhər Məhkəməsinin Cinayət İşləri Üzrə I dərəcəli Məhkəmə Kollegiyasının 22 fevral 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə: 8 dekabr 1960-cı ildə qəbul edilmiş Azərbaycan SSR Cinayət Məcəlləsi) 94.4, 15, 94.8 və 220.2-ci maddələrinə əsasən təqsirkar bilinərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 8 aprel 1960-cı ildə Naxçıvan MR-in Şərur rayonunun Maxta kəndində təvəllüd etmiş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, 3 (üç) övlad atası; Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 16 ünvanında pasport qeydiyyatında olmuş, ali təhsilli, texnika üzrə fəlsəfə doktoru, əvvəllər məhkum olunmamış, 13 avqust 1999-cu ildən həbsdə saxlanılan Oruc Abbas oğlu Rəhimov tərəfindən
M Ü R A C İ Ə T
Çox hörmətli cənab nazir!
[Qısa arayış: Uzun müddət Azərbaycan Texniki Universitetində müəllim, 1992-ci ildən həbs olunduğum günədək isə həmin dövrdə fəaliyyət göstərmiş Azərbaycan Milli Zadəgan Universitetinin rektoru vəzifəsində çalışmış və rəhbərlik etdiyim ali məktəbin professoru olmuşam. Tale elə gətirdi ki, 1999-cu ildə ailəmizdə baş vermiş ailə-məişət münaqişəsi faciəvi sonluqla – ölümlə nəticələndi və bu faciəvi sonluq da mənim ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmağıma səbəb oldu. 27 ildir həbsdə olmağıma baxmayaraq, bir günümü belə mütaliəsiz yaşamamış, elmi və bədii yaradıcılıqla məşğul olmuş, boş-mənasız işlərlə vaxt keçirməmişəm. Daima övladlarımın təlim-tərbiyəsi ilə maraqlanıb istiqamətləndirmiş, onların hər birinin dövlət ali təhsil müəssisələrinə qəbul olunub tələbə adını qazanmaqları üçün məktublar vasitəsilə onları imtahanlara hazırlamış və hər birinin də müvəffəqiyyətlə imtahan verib öz istədikləri – seçdikləri ixtisaslar üzrə dövlət ali məktəblərinə daxil olub bitirməklərinə nail olmuşam.
Bir səmimi etiraf: Sovet ideologiyası ilə təhsil alıb böyümüş insanlardan biri olaraq həbsə düşməmişdən öncə – azadlıqda olduğum dövrlərdə həbsdə olmuş və ya həbsdə olan insanların birmənalı olaraq hamısının dünyagörüşü və həyat tərzində, vətənpərvərlik və insansevərliyində, etibar və sədaqətində, əxlaq və mənəviyyatında, məntiq və düşüncəsində, intellektində, prinsiplərində və s. bu kimi məziyyətlərində azadlıqdakı insanlarla nisbətdə naqislik olduğunu zənn edib yanlış düşündüyümə, həmin insanlara “bizdən aşağıdır” fəlsəfəsi ilə yanaşıb onlarla təmas qurmaqdan, fikirlərini dinləməkdən çəkindiyimə görə indi xəcalət hissi keçirdib daxilən əzab və iztirab çəkirəm.]
Mənim məfkurəmə görə, hər bir xalqın, hər bir millətin ziyalısı harada, hansı vəzifədə, hansı çində, hansı yaşda olmağından, hansı mühitdə yaşamağından asılı olmayaraq, öz doğma respublikasında gedən istər ictimai-siyasi, istər iqtisadi, istərsə də hər hansı digər proseslərdə olsun, birbaşa iştirak etmək imkanından məhrum olmuş olsa da belə, ən azından münasibət bildirməyi özünə vətəndaşlıq borcu hesab etməli, heç olmasa, respublikasında gedən, görüb müşahidə etdiyi proqressiv dinamikanın – tərəqqinin əhəmiyyətini ətrafındakılara izah etməyə çalışmalı, anlatmağı bacarmalıdır.
Hazırda respublikamız renessans dövrünü yaşayır, son beş-altı ildə əldə etdiyimiz nailiyyətləri yüz illər boyunca əldə edə bilməmişdik və bu uğurlar günbəgün həndəsi silsilə ilə də artmaqda davam edir, bir uğur digər bir uğura zəmin yaradır, onun başlanğıcı olub permanentliyini təmin edir. Bu uğurları saymaqla bitirə bilmərəm.
Əgər 30 il əvvəl respublikamızın bir gün sonrası bizim üçün məchul idisə, indi beş il sonra plan üzrə nələrin baş verəcəyini əvvəlcədən proqnozlaşdıra bilir, böyük ruh yüksəkliyi ilə inanır, ümidlə də verdiyimiz proqnozun reallaşacağı günü gözləyirik.
Dünya çapında özünəməxsus statusu olan – siyasətçilər və dövlət başçıları arasında başdan birinci yerin sahibi cənab Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən dövlətin idarəçiliyinin təməl alqoritmini elə qurmuş, inkişaf perspektivinin proqramını elə tərtib etmişdir ki, həmin alqoritmə, həmin proqrama əsasən nəinki zamanın hansısa dövründə durğunluq yaşana biləcəyinə inanmıram, hətta əksinə, inanıram ki, elə bir zaman kəsiyi təsəvvür etmək mümkün deyil ki, həmin parçada respublikamızın uğuru olmasın. Xüsusilə 2018 və 2024-cü illərdə Prezident seçkilərindən sonra apardığı kadr islahatlarının ən parlaq refleksiyası 8 noyabr 2020-ci ildə təzahür etdi və həmin dalğa fiziklərin termini ilə ifadə etsək, həm eninə, həm də uzununa istiqamətdə yayılmaqdadır.
Düzdür, bəzi dırnaqarası siyasətçilər, dırnaqarası dövlət başçıları və s. vardır ki, onlar bütün siyasi, iqtisadi və digər resurslarından gen-bol istifadə edərək möhtərəm Prezidentimizin uğurlarını, onun iradəsini zəif göstərməyə çalışırlar, lakin sonda onları dinləmiş cəmiyyət – bütün ictimaiyyət həmin dırnaqarası liderlərin özlərinin butafor, istehsal etdikləri fikirlərinin isə butaforiyadan qeyri bir şey olmadığının bariz seyrçisi olurlar.
Siyasi cəhətdən bu qədər səbatlı, qərarlarında sabit və davamlı, əzmində mətin, bütün siyasi, hərbi, iqtisadi, humanist və digər opponentləri arasında birmənalı qalib lider kimi qəbul edilən bir dövlət başçısı, yenilməz sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqı gözükölgəli ola bilməzdi, deyil və olmayacaq da. O, öz zəkası ilə bütün beynəlxalq təsisatların, beynəlxalq miqyasın, beynəlxalq hüququn, siyasətin, iqtisadiyyatın, hərbin, sosial xidmətlərin – bir sözlə, bütün sahələrdə yanaşmanın paradiqmasını dəyişməyə nail oldu.
Dövlət idarəçiliyində min illərdir mövcud olan ənənəvi qaydalara – induksiyadan deduksiyaya deyil, əksinə deduksiyadan induksiyaya doğru – öz üsulunun tətbiqi ilə başladı və bütün dünyaya isbat etdi ki, idarəçilikdə vahid düstur yoxdur, düzgün variant var, düzgün variant isə birdir: qanunun hamı üçün eyni olduğunu qəbul edib aliliyinə hörmətlə yanaşmaqdır. Qanunda plutokratiya yol verilməzdir – hər kəsə tapşırıq verib onu vəzifəyə təyin edərkən ona etimad və qabiliyyətinə görə, hər kəsdən icra tələb edərkən “qanunlarla təsbit olunmuş standartlara görə tələb edilməlidir” prinsipini əsas götürdü.
Cənab nazir!
Möhtərəm Prezidentimizin bu cür təyinatlarından biri 10 iyul 2023-cü il tarixdə Penitensiar Xidmətin rəisi vəzifəsinə hörmətli Mirsaleh Seyidovu təyin edərkən olmuşdursa, növbəti belə bir uğurlu təyinatı, düşünürəm ki, 27 fevral 2024-cü ildə Sizi Azərbaycan Respublikasının Ədliyyə naziri vəzifəsinə təyin etməyi ilə oldu. Çünki möhtərəm Prezidentimizin uğurlu təyinatları Sizin kimi nazir, M. Seyidov kimi xidmət rəisi və digər şəxslərdirsə, Sizin də uğurlu kadr seçiminiz Ədliyyə Nazirliyi sistemində, o cümlədən PX sistemində, fikrimcə, ədliyyə polkovniki Fikrət Qafarov kimi peşəkarın, PX-in Umbakı Penitensiar Müəssisəsinin (UPM) rəisi (hazırda rəisin vəzifələrini icra edən) ədliyyə kapitanı Rəşad Yusifovun və digər bu kimi gənc, prinsipial, məsuliyyətli, işbilən şəxslərin timsalında neçə-neçə belə təyinatlarınızdır. Bu cür təyinatlar zaman keçdikcə nəinki təkcə mənim, baxış bucağı mənim baxış bucağım kimi olub mənim kimi müşahidə etmək, analiz edib sağlam mühakimə yürütmək niyyətində olanların – minlərlə məhkumun, on minlərlə də onların yaxın-uzaq qohum-əqrəbalarının alqışı ilə qarşılanıb sevincimizə səbəb oldu.
Hələ əsrlərlə, min illərlə öncə qədim Romada, Makedoniyada, Türk dünyasında – Çingizxanın, Teymurun dövründə və eləcə də sonralar bir çox Skandinaviya ölkələrində dövlət başçıları və dövlət başçılarının təyin etdikləri sahələr üzrə birinci şəxslər o halda uğur qazanırdılar ki, təyinat zamanı müvəffəqiyyətin rəhni kimi insanlardakı üç vacib xüsusiyyəti əsas götürürdülər:
– sadiqlik (dövlətə, dövlət başçısına və onun silahdaşlarına),
– təyin edildiyi vəzifəyə layiqlik (əxlaq və peşəkarlıq qabiliyyətləri fakturalarının sinxronluğu),
– təmənnasızlıq (rüşvət, korrupsiya, nepotizm və bu kimi neqativ hallara yol verməmə).
Bu üç xüsusiyyətin üçünün də, cənab nazir, Sizdə və Sizin vəzifələrə təyin etdiyiniz bizə məlum olanların simasında (hazırkı vəziyyətdə F. Qafarovu və R. Yusifovu nəzərdə tuturam) və rəhbərliyiniz altında çalışan general M. Seyidov və digər şəxslərdə kifayət qədər bol olduğuna şübhə etmir(əm)ik.
Qədim yunan filosofu Sokratdan soruşurlar ki, yeni doğulmuş övladımı necə tərbiyə edim ki, layiqli vətəndaş kimi yetişsin? Filosof cavab verir ki, ədalətli mühitdə böyüməyi kifayət edər.
Əlbəttə, hər hansı bir şəxsin istər özü özünün islahı üçün, istərsə də qanun əsasında cəmiyyətin hansısa qrupları tərəfindən islah edilməyi üçün ilk növbədə ədalətli mühit olmalıdır. Ədalətli mühit olmayan yerdə nə cəmiyyətin hər hansı bir üzvü islah oluna, nə də kimsə kimsəni bu və ya digər vasitələrlə islah edə bilər. Həmin ədalətli mühit son vaxtlar respublikamızın bir çox sahələrində, eləcə də Ədliyyə sisteminin Penitensiar Xidmətində yenidən formalaşmaqdadır.
Beş-altı ay öncəyə qədər UPM-də məhkumlara qarşı olan diqqətsizlik, laqeydlik bu gün artıq yoxdur və o cür saymazyanalıqları insana diqqət, şəxsiyyətə hörmət, PX işçilərinin nümunəvi davranışları əvəz edir, məhkumlar üçün vaxtilə yaradılmış süni problemlər bu gün artıq yoxdur, onları məhkumların normal cəza çəkməkləri – islah olunmaqları üçün yaradılan yeni şərait əvəz edir.
10.12.2025-ci ilədək PX rəisi hörmətli M. Seyidovun və eləcə də F. Qafarovun qəbuluna gedən məhkum valideynləri, məhkum övladları, məhkum qohumları və digər şəxslər UPM-dəki çatışmazlıqlardan, həll edilməyi qat-qat asan olan, lakin həbsxana rəhbərliyinin bu və başqa şəxsi maraqları ucbatından həllinə meyl göstərilməməkdən, bilavasitə UPM-in rəhbərliyindən şikayət üçün gedirdilərsə, bu gün artıq həmin şəxslərin qəbuluna UPM-in rəhbərliyinin işindən, yürütdüyü siyasətdən razılıq etmək üçün, UPM-də məhkumlara göstərilən insani münasibətlərdən öz minnətdarlıqlarını bildirmək üçün, öz məmnunluqlarını (vətəndaş məmnunluğu) ifadə etmək üçün gedirlər.Çünki UPM ə təyin etdiyiniz yeni rəis nəinki köhnədən – vaxtilə etinasız münasibət sayəsindən, öz vəzifə məsuliyyətinin ağırlığını dərk etməmək səbəbindən və sairələr üzündən yaranmış problemləri həll etməklə məşğuldur, nəinki indi artıq o problemlərin əksəriyyəti mövcud deyil – tarixə qovuşmuşdur, hətta Sizin tapşırıqlarınıza uyğun olaraq PX rəhbərliyinin təlimatı əsasında öz gənclik enerjisi, sağlam təxəyyülü, kreativ təşəbbüsləri ilə məhkumların islah olunmaqları üçün tələbatınızdan irəli gələn yeni-yeni müvafiq tədbirlər görməkdədir.
Təəssüf edirəm ki, bu cür kadrlardan: M. Seyidov, F. Qafarov, R. Yusifov kimi zabitlərdən – az tanıyıram, amma Siz belə təcrübəli kadrlardan çoxlarını tanıyırsınız, əminik ki, son aylarda etdiyiniz dəyişikliklər yerlərdə indən belə də davamlı olacaqdır, bu cür insanlardan, yaşlarının az və ya çox olmaları, iş stajlarının limit həddinin kafiliyi deyil, bilik və bacarıqları, şəxsi performansları ilə yanaşı həm də iş qabiliyyətləri, təcrübələri əsas götürülərək cənab Prezidentimizin siyasətini uğurla davam etdirmək naminə tərəfinizdən istifadə ediləcək, xalqımız isə Sizin və onların əməyindən yararlanacaqdır.
Necə deyərlər, bu cür rasional düşüncəli, praqmatik kadrlarla əhatə olunmuş bir şəxsdə nəinki bir sahəyə aid olan nazirliyi idarə etmək, hətta düşünürəm ki, bir ad altında birləşdirilmiş bir neçə nazirliyi belə idarə etmək əzmi olar və vardır da.
Cənab nazir, bəlkə də, mənə qədər yüzlərlə belə minnətdarlıq məktubları – müraciətlər almışsınız, hər biri də bu və ya digər dəyişikliklərdən yazıb razılıqlarını bildiribdir, odur ki, pedantlıq edib təfərrüatlara varmaq, kiçik detallara toxunmaq kimi bir məramım yoxdur, amma ümid edirik ki, bundan belə vəzifəyə təyin ediləcək, həmçinin Sizin əmrinizlə təyin ediləcək hər bir kadr bu cür müsbət keyfiyyətlərə malik olacaqdır.
Çox hörmətli cənab nazir!
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, ümummilli liderimiz Ulu Heydər Əliyevin ideyalarını həyata keçirtmək uğrunda etdiyiniz bu cür yeni təyinatlarınız münasibətilə Sizi və Sizin rəhbərliyiniz altında çalışan hər bir şəxsi həm öz adımdan, həm də mənim kimi düşünən ziyalı məhkumlar adından təbrik edir, Respublikamızın Prezidenti müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Sizə minnətdarlığımı göndərir və bu minnətdarlığımın Sizin vasitənizlə həm də müraciətimdə adlarını qeyd etdiyim kadrlarınıza çatdırılmağını, həmçinin onları mükafatlandırmaq yalnız Sizin səlahiyyətlərinizə aid olduğundan, münasib şəraitdə səlahiyyətlərinizdən istifadə edib onları əməyə münasibətlərinə və xidməti vəzifələrinə vicdanla yanaşdıqlarına görə hər hansı bir formada mükafatlandırmağınızı rica edirəm.
İmkan yaranmışkən, qarşıdan gələn bayramlar münasibətilə Sizi, ailə üzvlərinizi və silahdaşlarınızı səmimi-qəlbdən təbrik edir, respublikamızda qazanılmış nailiyyətlərin qorunub saxlanmağı və daha da inkişaf etdirilməyi, eləcə də ədalətli və humanist qərarlarınız sayəsində xalqımızın xoş gələcəyi və gündən-günə yüksələn rifahı naminə Sizə möhkəm cansağlığı, faydalı, mənalı və səadətlə dolu uzun ömür arzulayıram!
Vaxtınızı aldığım üçün məni məzur tutmağınızı təvəqqe edirəm.
Bu müraciəti mənim əlyazmama əsasən oğlum İlkin Oruc oğlu Rəhimov tərtib edib çap etdirmişdir.
Sizə böyük sayğı və ehtiramla, O.A.Rəhimov
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi,
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsi
Tarix: 03.06.2026












































