
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannı qəbul edib.
Newscenter.az xəbər verir ki, görüşdə diplomatın Azərbaycandakı fəaliyyəti dövründə Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafı istiqamətində baş vermiş proseslər nəzərdən keçirilib. Spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərləri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin münasibətlərin inkişafında mühüm rolunu vurğulayıb. Həmçinin ölkələrimiz arasında iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub.
Söhbət zamanı qanunvericilik orqanları arasında da münasibətlərə diqqət yetirilib. Milli Məclisin sədri özünün Almaniya Federativ Respublikasına rəsmi səfərini, o cümlədən parlament dostluq qruplarının qarşılıqlı səfərlərini qeyd edib.
Səfir Ralf Horlemann Azərbaycandakı alman irsinə olan münasibəti yüksək qiymətləndirib, bunu tolerantlığın göstəricisi kimi qeyd edib. O, fəaliyyəti dövründə ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdiyini bildirib və müsbət təəssüratlarını bölüşüb.
Səfir, həmçinin son dövrlər Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri qeyd edərək, bu istiqamətdə əldə olunan irəliləyişlərin regiona sülh və sabitlik gətirdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Süleyman












































