
“XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan üçün bu müstəqilliyi qazanmaq qədər onu qoruyub-saxlamaq da çətin idi. Bir tərəfdən Moskvanın Azərbaycanın müstəqil respublika olmasını həzm edə bilməməsi və müxtəlif təxribatlara əl atması, digər tərəfdən həmin dövrdə ölkəyə rəhbərlik edən hakimiyyətin səriştəsizliyi, idarəetmədə yol verdiyi ciddi nöqsanlar ölkədə köklü problemlərin meydana gəlməsinə yol açmışdı. Ölkə sözün həqiqi mənasında xaos və anarxiyaya doğru gedirdi. Belə bir şəraitdə Gəncədə ordu birləşmələrinin mərkəzi hakimiyyətə tabesizlik göstərməsi və baş verən silahlı qarşıdurma vətəndaş müharibəsi üçün zəmin yaratmışdı. Yaranmış gərginliyi, qeyri-sabit vəziyyəti yalnız həmin dövrdə Naxçıvan Ali Məclisinə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev aradan qaldıra bilərdi. Xalq da yaranmış vəziyyətdən nicat yolunu yalnız Heydər Əliyev də görürdü”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov 15 iyun-Milli Qurtuluş Gününün əhəmiyyətindən danışarkən səsləndirib. Millət vəkili deyib ki, belə mürəkkəb şəraitdə xalqın və siyasi dairələrin böyük hissəsi təcrübəli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtmasını zəruri hesab etdi:
“Hər zaman Azərbaycanı fəlakətlərdən xilas edən Ulu Öndər Heydər Əliyev xalqın çağırışına cavab verərək Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardış Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı”.
Deputat qeyd edib ki, 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə siyasi sabitliyin bərpası istiqamətində atılan ən mühüm addımlardan biri oldu:
“Sonrakı dövrdə həyata keçirilən tədbirlər nəticəsində dövlət hakimiyyətinin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması və ictimai-siyasi sabitliyin yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edildi. Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas oldu”.
İlham Məmmədov diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi:
“1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etdi”.
Bu gün ölkədə Heydər Əliyev kursunun Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən millət vəkili qeyd edib ki, məhz bu siyasətin uğurla davam etdirilməsi Azərbaycanı dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrib:
“Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Xüsusilə, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir”.
Süleyman












































