
David Seliverstov: "Bu, nə Albertin xatirəsinə hörmətdir, nə də Azərbaycana sədaqətin göstəricisidir"
Son vaxtlar sosial şəbəkələrdə yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqqında xoş olmayan fikirlər səsləndirilir, qəhrəmanın ruhuna hörmətsizlik edilir. Müşahidə edilən bu mənfi tendensiya haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq yaradır. Məsələyə münasibət bildirmək, bu qüvvələrin haradan qaynaqlandığına aydınlıq gətirmək üçün beynəlxalq hüquq müdafiəçisi Qlobal Həmrəylik Şurasının Qafqaz regionu üzrə rəhbəri David Seliverstovla söhbətləşdik.
-Bu gün Albert Aqarunovun adından siyasi və etnik manipulyasiyalarda istifadə olunması niyə yolverilməzdir?
-Azərbaycan ətrafında gərginliyin yenidən artdığı bir dövrdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adından təhrif olunmuş və spekulyativ kontekstdə istifadə edilməsi tamamilə yolverilməzdir. Sosial şəbəkələrdə və bəzi müzakirələrdə ayrı-ayrı şəxslər onun yəhudi əsilli olmasını ön plana çəkərək bu faktı Azərbaycana qarşı siyasi manipulyasiyalarla əlaqələndirməyə çalışırlar. Belə yanaşma tarixi həqiqətə, vətəndaş birliyi prinsipinə və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə ziddir.
Albert Aqarunovun adı etnik və dini mübahisə mövzusu deyil. Onun adı Azərbaycan dövlətçiliyinə sədaqətin, vətəndaş birliyinin, multikultural həmrəyliyin və Vətən uğrunda fədakarlığın simvoludur. Milli qəhrəmanların xatirəsi cəmiyyəti birləşdirməli, informasiya hücumlarının və siyasi təxribatların alətinə çevrilməməlidir.
-Albert Aqarunovun qəhrəmanlığı Azərbaycan xalqı üçün hansı mənanı daşıyır?
-Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Azərbaycanın müdafiəsinə qoşulmuş, Şuşa uğrunda döyüşlərdə tank komandiri kimi xüsusi qəhrəmanlıq göstərmiş və 8 may 1992-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Onun qəhrəmanlığı milli və ya dini mənsubiyyətlə ölçülmür. O, yəhudi əsilli azərbaycanlı idi, lakin hər şeydən əvvəl Azərbaycan vətənpərvəri idi. Onun həyatı və şəhidliyi göstərir ki, Azərbaycan uğrunda canından keçmiş insanın dini, etnik mənsubiyyəti və mənşəyi mübahisə predmetinə çevrilə bilməz. Belə şəxsiyyətlər xalqın ümumi yaddaşına, dövlətin şərəf tarixinə və həqiqi vətənpərvərlik məktəbinə məxsusdur.
-Azərbaycan qanunvericiliyi bu məsələyə necə yanaşır və “azərbaycanlı” anlayışı burada necə izah olunmalıdır?
-Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 25-ci maddəsi irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, mənşəyindən və digər hallardan asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 44-cü maddəsi isə hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu təsbit edir və heç kəsin milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməyəcəyini bildirir.
Bu konstitusion normalar bir daha təsdiq edir ki, şəxsin etnik və ya dini mənsubiyyəti onun Vətənə sədaqətini, vətəndaş mövqeyini və Azərbaycan xalqına mənsubluğunu şübhə altına almaq üçün istifadə oluna bilməz. Bu kontekstdə “azərbaycanlı” anlayışı yalnız etnik mənşə ilə deyil, həm də vətəndaşlıq, dövlətçilik, Vətənə sədaqət və ümumi tarixi taleyə mənsubiyyətlə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının vətəndaşı olan, bu dövlətin torpağı, bayrağı və təhlükəsizliyi uğrunda canından keçən hər bir şəxs Azərbaycan xalqının ayrılmaz hissəsidir.
-Bu məsələ ilə bağlı cəmiyyətə və informasiya məkanına əsas çağırışınız nədir?
Bu gün Albert Aqarunovun adından siyasi spekulyasiya, etnik və ya dini bölünmə yaratmaq, Azərbaycan xalqı ilə yəhudi icmasını qarşı-qarşıya qoymaq məqsədilə istifadə olunması qəbuledilməzdir. Bu, nə Albertin xatirəsinə hörmətdir, nə də Azərbaycana sədaqətin göstəricisidir. Əksinə, belə davranışlar milli birliyə, vətəndaş həmrəyliyinə və Azərbaycanın tarixi multikultural ənənəsinə zərbə vurur.
Azərbaycanın yəhudi icması hər zaman ölkənin ictimai, mədəni və dövlətçilik həyatının fəal hissəsi olmuşdur. Azərbaycan yəhudiləri bu torpağın ayrılmaz parçasıdır. Onların vətənpərvərliyi, dövlətə sədaqəti və Azərbaycan cəmiyyətinin inkişafına verdiyi töhfələr heç bir siyasi manipulyasiyanın alətinə çevrilməməlidir.
Hüquq müdafiəsi mövqeyindən çıxış edərək qeyd edirəm ki, Azərbaycan vətəndaşları arasında etnik və dini zəmində bölünmə yaratmaq cəhdləri qəti şəkildə rədd olunmalıdır. Albert Aqarunovun adından Azərbaycana və ya Azərbaycanın yəhudi icmasına qarşı istifadə etməyə çalışan hər kəs anlamalıdır ki, bu xalq öz qəhrəmanlarını bölmür. Azərbaycan xalqı öz şəhidlərini etnik və dini mənsubiyyətinə görə deyil, Vətənə sədaqətinə görə ucaldır.
Şəhidlərimizin axıdılan qanı Azərbaycanın müstəqilliyinin möhrüdür. Bu səbəbdən onların qəhrəmanlığı və qələbəsi danılmazdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Süleyman İsmayılbəyli











































