
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyədə rəsmi görüşləri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.
Newscenter.az xəbər verir ki, R.Həsən görüşdə son dövrdə qurumun həyata keçirdiyi layihələr, daimi komissiyaların və qrupların fəaliyyəti, Türkiyə vitse-prezidentinin Azərbaycana son səfəri çərçivəsində TÜRKPA-ya ziyarətindən böyük məmnuniyyət duyduğunu vurğulayıb.
O, eyni zamanda, görülən işlərlə bağlı ətraflı məlumat verib, həmçinin qardaş türk dövlətləri arasındakı münasibətlərin yeni mərhələyə yüksəldilməsi, Türk Dövlətləri Təşkilatı nəzdində dövlət başçılarının həyata keçirdiyi mühüm strateji tarixi qərarların parlamentlər tərəfindən ratifikasiya edilməsi kimi proseslərdə TÜRKPA-nın oynadığı və oynaya biləcəyi roldan bəhs edib, gələcək planlardan danışıb.
Cevdet Yılmaz da öz növbəsində TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, bundan sonra da Türk Dövlətləri Parlament Assambleyasının strateji münasibətlərinin inkişafı, yeni mərhələdə gücləndirilməsi, parlament diplomatiyasının və parlamentlər arasında qanunvericiliklərin yaxınlaşdırılması və ortaq parlament platformasının qurulması kimi istiqamətlərdə qurumun xüsusi və mühüm rolundan bəhs edib.
O, Türkiyə olaraq TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə əlindən gələn dəstəyi göstərməyə davam edəcəyini də vurğulayıb.
Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali də iştirak edib.
Arzu












































