
Azərbaycan dilinin tarixi inkişafı müxtəlif ictimai-siyasi mərhələlərdə fərqli xarakterli məhdudiyyətlər və ideoloji təsirlər şəraitində formalaşmışdır. Xüsusilə XIX əsrdən etibarən Azərbaycan torpaqlarının müxtəlif imperiyaların tərkibində idarə olunması milli dilin ictimai funksiyalarına və inkişaf dinamikasına təsirsiz ötüşməmişdir. Müxtəlif dövrlərdə həyata keçirilən dil siyasətinin əsas istiqamətlərindən biri ana dilinin tətbiq dairəsinin məhdudlaşdırılması və dominant dillərin idarəetmə, təhsil və rəsmi ünsiyyət sahələrində üstün mövqeyinin təmin edilməsi olmuşdur.
Sovet hakimiyyəti illərində SSRİ-nin ümumi dil siyasəti çərçivəsində rus dili ittifaq miqyasında əsas ünsiyyət vasitəsi kimi ön plana çəkilmiş, bu isə milli dillərin, o cümlədən Azərbaycan dilinin bir sıra sahələrdə funksional imkanlarını məhdudlaşdırmışdır. Bununla belə, Azərbaycan dili xalqın milli-mənəvi dəyərlərinin daşıyıcısı kimi öz inkişaf xəttini qoruyub saxlamış, ədəbi dil normalarının zənginləşdirilməsi və elmi-nəzəri əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilmişdir.
1969-cu ildən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli-mədəni siyasət Azərbaycan dilinin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu siyasətin mühüm nəticələrindən biri 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi olmuşdur. Həmin qərar dövrün mürəkkəb ictimai-siyasi reallıqları fonunda milli dilin hüquqi statusunun möhkəmləndirilməsi və onun ictimai nüfuzunun artırılması baxımından mühüm tarixi əhəmiyyət kəsb etmişdir.Beləliklə, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolu göstərir ki, ana dilinin qorunması və inkişafı dövlətin məqsədyönlü dil siyasəti, milli özünüdərk və cəmiyyətin dilə bağlılığı ilə sıx bağlıdır. Tarixi təcrübə sübut edir ki, milli dilin inkişafına yönəlmiş süni maneələr müvəqqəti xarakter daşıyır, xalqın milli-mədəni irsə sədaqəti isə dilin davamlı inkişafının əsas təminatçısı kimi çıxış edir.
Nazilə Abbasova












































