
Hər bir xalqın tarixini, mədəniyyətini və milli yaddaşını yaşadan ən böyük mənəvi sərvəti onun ana dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyi formalaşdıran, keçmişi gələcəyə bağlayan dəyərdir. Azərbaycan xalqı da əsrlər boyu öz ana dilini qoruyaraq zəngin ədəbi irs yaratmış, milli-mənəvi dəyərlərini bu dil vasitəsilə gələcək nəsillərə ötürmüşdür. Məhz buna görə də hər il 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması böyük rəmzi məna daşıyır.
Azərbaycan dili qədim tarixi köklərə, zəngin söz ehtiyatına və geniş ifadə imkanlarına malik dillərdən biridir. Bu dil xalqımızın düşüncə tərzini, adət-ənənələrini və milli ruhunu özündə əks etdirərək əsrlər boyu inkişaf yolu keçmişdir. Azərbaycan klassik və müasir ədəbiyyatının ən dəyərli nümunələri də məhz ana dilimizin zənginliyini və qüdrətini nümayiş etdirir.Müstəqillik dövründə Azərbaycan dilinin dövlət dili kimi mövqeyi daha da möhkəmləndirilmiş, onun hüquqi statusunun təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti ana dilimizin qorunması və inkişafı baxımından mühüm mərhələ olmuşdur. Onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil sistemində və ictimai həyatın bütün sahələrində tətbiqi genişlənmiş, dilimizin nüfuzu yüksəlmişdir.
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir vətəndaş üçün ana dilimizin əhəmiyyətini bir daha dərk etmək, onun inkişafına töhfə vermək və milli-mənəvi dəyərlərimizi yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dili xalqımızın birlik rəmzi, dövlətçiliyimizin əsas sütunlarından biri və milli irsimizin ən qiymətli xəzinəsidir. Bu xəzinəni qorumaq və zənginləşdirərək gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.
Pərviz Muradov YAP fəalı











































