Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Bişkek münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı

Bakı-Bişkek münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı


“Tarixi, dini, milli köklərə bağlı olan Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə daha dinamik şəkildə inkişaf edir, keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bunu şərtləndirən başlıca amil Bakı ilə Bişkekin təkcə ikitərəfli deyil, eyni zamanda çoxtərəfli formatda da əməkdaşlığı inkişaf etdirməsidir. Təbii ki, bu prosesə dövlət başçılarının qarşılıqlı səfərləri də təkan verir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə baş tutan Qırğızıstan səfərini xüsusi qeyd etmək yerinə düşərdi”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, iki ölkə arasında əlaqələrə fayda verəcək əməkdaşlıq formalarından biri də Mərkəzi Asiya-Azərbaycan dövlət başçılarının Məşvərət Görüşüdür:

“Elə Prezident İlham Əliyevin də səfəri sözügedən Məşvərət Görüşünə təsadüf edirdi. Azərbaycanın belə bir formatda mövcudluğu təkcə Bakının region ölkələri deyil, eyni zamanda Türk dünyası ilə inteqrasiyasını sürətləndirəcək imkandır. Bildiyiniz kimi Azərbaycan Cənubi Qafqazda xüsusi nəqliyyat və logistika imkanlarına malik ölkədir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt limanı kimi nəqliyyat-logistika imkanları Orta Asiya mallarının Azərbaycan vasitəsilə Türkiyəyə daşınmasına səmərəli imkanlar yarada bilər. Bu imkanlardan istifadə həm də Mərkəzi Asiya mal və məhsullarının dünya bazarına çıxışını asanlaşdırar. Bu mənada region ölkələri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər”.

Dövlət başçısının Qırğızıstana səfərinin ikitərəfli əlaqələrı faydalarına gəlincə isə, millət vəkili hesab edir ki, iqtisadi əməkdaşlıq səfərin əsas istiqamətlərindən birini təşkil etdi:
“Təbii ki, bu məsələdə də Azərbaycanın nəqliyyat imkanları ön olandadır. Azərbaycan Xəzər dənizi vasitəsilə Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Qırğızıstan isə Mərkəzi Asiyanın strateji mövqeyə malik dövlətlərindən biri kimi bu marşrutların inkişafında mühüm rol oynayır. Bu baxımdan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi, yükdaşımaların artırılması və ticarət dövriyyəsinin yüksəldilməsi hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.

Enerji və yaşıl inkişaf sahəsində də əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qazandığı zəngin təcrübə, bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirdiyi layihələr Qırğızıstan üçün də maraq doğurur. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi həm iqtisadi inkişafı sürətləndirə, həm də regionda dayanıqlı inkişaf məqsədlərinə töhfə verə bilər”.
İlham Məmmədov deyib ki, Azərbaycan–Qırğızıstan münasibətlərinin mühüm istiqamətlərindən birini də humanitar sahədə əməkdaşlıq təşkil edir. Deputatın sözlərinə görə, təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində həyata keçirilən layihələr xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir:

“Universitetlər arasında əməkdaşlıq proqramlarının genişləndirilməsi, tələbə mübadiləsinin artırılması və ortaq elmi tədqiqatların həyata keçirilməsi gələcək nəsillər arasında əlaqələrin daha da güclənməsinə imkan yaradır. Bir sözlə Azərbaycan dövlət başçısının Qırğızıstana dövlət səfəri Bakı-Bişkek münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olacaq”.

Süleyman
Xəbəri paylaş