Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu səfər hər iki xalq üçün mənəvi qürurdur

Bu səfər hər iki xalq üçün mənəvi qürurdur


Dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibət Azərbaycan dövlətinin siyasi nüfuzunu daha da yüksəldir. Dövlət müstəqilliyinin davamı olan bu yüksəliş bütün sahələri əhatə edir, qarşılıqlı əlaqələr üçün etibarlı zəmin yaradır. Azərbaycanla Qırğızıstan arasında münasibətlər də bu formatda davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə rəsmi səfərləri də bu baxımdan əhəmiyyətli olur.

İyulun 31-də Qırğızıstana dövlət səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında da bu məqama toxundu, Azərbaycanla Qırğızıstanın dövlətlərarası münasibətlərinin ən yüksək səviyyədə olduğunu bildirdi, müstəqillik münasibətlərinin çox böyük məsuliyyət olduğunu xatırladaraq beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində Azərbaycanla Qırğızıstanın bir-birini bundan sonra da dəstəkləyəcəyinə əminliyini bildirdi.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyü bərpa olundu. Dövlət başçımızın müvafiq sərəncamları ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri başladı. Bu mühüm, əhəmiyyətli prosesdə Azərbaycana dövləti ehtiramı olan dövlətlər də iştirak edir. Qırğızıstan da onların sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğızıstana rəsmi səfərində mətbuata verdiyi bəyanatda bu məqamı da diqqətə çatdırdı, Qarabağın bərpasına göstərilən kömək üçün Qırğızıstanın dövlət başçısına minnətdarlığını bildirən dövlət başçımız Ağdam rayonunda azərbaycanlıların da sevdiyi “Manas”ın adını daşıyan məktəbin açılışı olduğunu, bu açılışda Qırğızıstanın dövlət başçısının da iştirak etdiyi, bunun Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi olduğunu bildirərək dedi: “Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir. Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir. Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana rəsmi səfərində Qırğızıstan Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunması da bu iki dövlətin qarşılıqlı münasibətlərinin mənəvi istiqamətlərininin göstəricisidir.

Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Mərkəzi Asiya Məşvərət görüşləri də belə təşkilatlardan biridir. Azərbaycan bu təşkilatda da təmsil edilir. Bu təşkilata tamhüquqlu üzvlük zamanı Azərbaycanı Qırğızıstan da dəstəkləmişdi. Dövlət başçımız bəyanatında Qırğızıstanın dövlət başçısına bu dəstəyə görə də təşəkkürünü bildirdi...

Azərbaycan Qırğızıstanda bir sıra layihələr həyata keçirir ki, bu da dövlətlərarası münasibətlər sistemində vacib amillər hesab edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğızıstana dövlət səfərində mətbuata verdiyi bəyanatda da bu məqamı xatırladaraq bildirdi ki, ““...bu gün həmkarlarımızla bizim birgə qərarımız olan “Bakı” hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və “Bakı” adını daşıyır...”...
Bu rəsmi səfər zamanı Azərbaycan- Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ olan Çolpon-Ata Bəyannaməsinin imzalanması da, imzalanan digər sənədlər də bu səfərin tarixi əhəmiyyəti baxımından dəyərləndirilir. Belə bir dəyər Azərbaycanla Qırğızıstan arasında münasibətlərin təkcə dövlətlərarası münasibətlərlə məhdudlaşmadığını, onun qardaşlıq münasibəti kimi davam etdirildiyini təsdiqlədi. Belə tarixləşən səfər hər iki xalq üçün mənəvi qürur deməkdir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş