
Azərbaycanın xarici siyasətində Türk dünyası ilə əlaqələri daha da genişləndirmək, bu coğrafiyaya daxil olan ölkələrlə bütün istiqamətlərə münasibətləri ən üst səviyyəyə qaldırmaq strateji xətt olaraq müəyyənləşdirilib. Bu məqsədlə yaradılan əməkdaşlıq platformaları, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər həm əlaqələri yeni bir mərhələyə daşıyır, həm də ona yeni imkanlar açır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qırğızıstana baş tutan dövlət səfəri də xüsusi qeyd edilməlidir. Hər şeydən əvvəl onu demək lazımdır ki, bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda Türk dünyasının inteqrasiyasında da mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Cənab İlham Əliyevin səfəri həm də Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Məşvərət Görüşünə təsadüf edirdi, o zaman səfərin Türk dünyasının inteqrasiyasına da fayda verdiyini deyə bilərik. Düzdür, Məşvərət Görüşünə qatılan Tacikistan Türk Dövlətləri Təşkilatının üzvü deyil, Türkmənistan isə təşkilatda müşahidəçi olaraq iştirak edir. Ancaq ümumilikdə götürəndə Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət Görüşündə region ölkələrinin hamısının iştirakı təqdirəlayiqdir. Azərbaycanın da bu formatda keçirilən görüşlərə dəvət alması Bakının Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvünə çevrilməsi anlamına gəlir. Hesab edirəm ki, bu formata Türkiyənin də dəvət alması və qardaş ölkənin həmin görüşdə iştirakı daha faydalı və məhsuldar ola bilər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan və Qırğızıstan ortaq tarixə, dilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə malik olan qardaş dövlətlərdir. Müstəqillik əldə etdikdən sonra hər iki ölkə qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sazişlər və həyata keçirilən birgə layihələr bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqun daha da gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, nəqliyyat-logistika imkanlarının artırılması, enerji, kənd təsərrüfatı, təhsil, elm, rəqəmsal texnologiyalar və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi geniş müzakirə olundu. Tərəflər əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək qarşılıqlı maraqlara cavab verən sənədlərə imza atdılar.
Qeyd etdiyimiz kimi Cənab İlham Əliyevin səfəri təkcə iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi tarixə düşmədi, eyni zamanda Türk dünyasında həmrəyliyin gücləndirilməsi, regional əməkdaşlığın dərinləşdirilməsi və ortaq strateji hədəflərin həyata keçirilməsi baxımından yadda qaldı.
Son illər türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın sürətlə inkişaf etməsi fonunda müşahidə etdiyimiz müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, Azərbaycan bu prosesdə fəal rol oynayaraq türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə mühüm töhfələr verir. Bu mənada Qırğızıstan da Türk dünyasının birliyini prioritet istiqamətlərdən biri kimi qiymətləndirir və ortaq layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu baxımdan Prezident İlham Əliyevin dövlət səfəri Türk dövlətləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə, ortaq iqtisadi məkanın formalaşmasına və regional təhlükəsizliyin gücləndirilməsinə xidmət edən mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər.
İlham İsmayılov,
ATXƏM sədri










































