Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Qırğızıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir

Azərbaycan və Qırğızıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir


“Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər hazırda yüksələn xətlə inkişaf edir. Xalqlarımızın əlaqələri ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanır. Son illər isə bu əlaqələr dostluq və qardaşlığın rəmzinə çevrilib. Bu gün Bakı ilə Bişkek yalnız ən yüksək səviyyədə sabit siyasi dialoqu qorumaqla kifayətlənmir, həm də dərin iqtisadi inteqrasiya üçün institusional əsaslar qoyurlar. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri qarşılıqlı münasibətlərin ən yüksək zirvəsinə çevrilib”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan-Qırğızıstan münasibətləri dərin tarixi köklərə malikdir, ortaq dil, mədəni və mənəvi dəyərlərə əsaslanır. Ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli əlaqələrin bünövrəsi isə 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində Azərbaycan qarşılıqlı hörmətə və etimada əsaslanan xarici siyasət formalaşdırıb, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət ayırıb. Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarovun şəxsi dostluq münasibətləri ikitərəfli əlaqələrə güclü dinamika qazandırıb. Təsadüfi deyil ki, son 5 ildə qarşılıqlı olaraq 10-dan çox yüksəksəviyyəli səfər gerçəkləşdirilib. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana ilk dövlət səfəri həyata keçirib. Prezident Sadır Japarov isə 2022-ci ilin aprelində ölkəmizə rəsmi, 2024-cü ilin aprelində isə dövlət səfərləri edib.

İki ölkə arasında indiyədək 100-dən çox sənəd imzalanıb. Bunlardan ən mühümü indiyədək Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” idi. Baza mexanizmi kimi yaradılan Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilmişdi. Cənab Prezidentin Qırğızıstana budəfəki səfəri zamanı isə iki ölkə arasında Müttəfiqlik haqqında Müqavilənin imzalanması ilə qarşılıqlı əlaqələr ən yüksək zirvəyə qalxıb. Eləcə də, Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi və iclas zamanı qəbul olunan qərarlar əməkdaşlığın perspektivləri baxımından böyük əhəmiyyət kəsb edir.

Millət vəkilinin sözlərinə görə, mətbuata bəyanat zamanı Prezident İlham Əliyev ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq, nəzərəçarpacaq dərəcədə genişlənib. İkitərəfli ticarətin həcminin 2025-ci ildə 77,17 milyon dollara çatması, eləcə də Azərbaycanda 100-ə yaxın Qırğızıstan şirkətinin fəaliyyət göstərməsi iqtisadi tərəfdaşlığın artan dinamikasını əks etdirir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə olunub. “Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir” – deyə, cənab Prezident vurğulayıb.

Bundan əlavə, tərəflərin qarşılıqlı maliyyə vəsaiti hesabına həyata keçirdiyi layihələr xalqların mənəvi birliyini möhkəmləndirir. Bişkekdə Azərbaycanın dəstəyi ilə Dostluq parkı, Nizami Gəncəvi adına 103 saylı məktəb və Heydər Əliyev adına Məktəb-Gimnaziya Kompleksi istifadəyə verilib. Qırğızıstan isə öz növbəsində Qarabağın bərpasında yaxından iştirak edir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb tikilib. 2025-ci ilin iyulunda hər iki ölkənin liderlərinin iştirakı ilə kəndin birinci mərhələsinin və məktəbin rəsmi açılışı olub. Həmçinin, iki qardaş ölkə arasında mədəni-humanitar əlaqələr də yüksək səviyyədədir. 2024-cü il aprelin 23-26-da Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri, 2025-ci il aprelin 20-25-də isə Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ikitərəfli humanitar dialoqun sistemli xarakter aldığını göstərir. 2024-cü il aprelin 24-də Bakıda dövlət başçıları İlham Əliyev və Sadır Japarovun iştirakı ilə Çingiz Aytmatovun abidəsinin açılması isə bu əlaqələrin strateji səviyyədə dəstəkləndiyini təsdiqləyir. Tərəflərin həm ikitərəfli, həm də beynəlxalq platformalardakı birgə layihələri Türk dünyasında mədəni inteqrasiyanı daha da dərinləşdirir.

“Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı başda olmaqla, bütün beynəlxalq platformalarda həmrəylik göstərirlər. Çoxtərəfli strukturlarda nümayiş etdirilən vahid mövqe iki ölkənin beynəlxalq nüfuzunu artırır, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və regional təhlükəsizlik kimi müasir çağırışlara qarşı strateji planları birgə həyata keçirməyə imkan verir. Bu gün Bakı və Bişkek regional sabitliyin və Türk dünyasının birliyinin möhkəmlənməsinə birgə töhfə verməkdə davam edirlər. Bütövlükdə, cənab Prezidentin Qırğızıstana dövlət səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər qardaş ölkələr arasında gələcək əməkdaşlığın daha böyük perspektivlərindən xəbər verir”,-deyə Samir Vəliyev vurğulayıb.

Süleyman
Xəbəri paylaş