
Elçin Ağamalı: "Onun memarı məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir"
"8 avqust 2025-ci ildə Ağ Evdə ABŞ prezidentinin təşəbbüsü və vasitəçiliyi ilə imzalanmış Birgə Bəyannamə regionumuza sadəcə davamlı sülh gətirmədi, eyni zamanda regionun Rusiyanın təsir dairəsindən tamamilə uzaqlaşması üçün Azərbaycanın başlamış olduğu prosesə yeni güc qatdı".
Bunu Newscenter-az-a deyən siyasi şərhçi Elçin Ağamalı bildirib ki, SSRİ-nin dağılmasından sonra məhz Qarabağ münaqişəsi vasitəsilə Rusiya Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlayırdı:
"Qarabağ münaqişəsinin gələcəkdə hərbi yolla həllini heç zaman istisna etməyən Azərbaycan 30 il ərzində Rusiyanın ölkəmizə mümkün bütün digər təsir vasitələrini tamamilə ortadan qaldırmağa nail oldu. Bakı- Novorossiysk neft kəmərinə alternativ Bakı- Ceyhan neft kəməri, Bakı-Supsa qaz kəməri, Bakı-Tbilisi-Kars dəmir yolu xətti çəkildi. Azərbaycan özünü elektrik enerjisi ilə tam təhciz edən ölkə oldu. Xarici siyasət və ordu quruculuğu sahəsində mükəmməl nəticələr əldə olundu.
Azərbaycanın əksinə olaraq Ermənistan işğal etdiyi torpaqlarda mövcudluğunu qoruyub saxlaya bilmək üçün öz strateji resurslarını və infrastrukturunu Rusiyaya verməklə bu ölkənin təsir və təzyiq imkanlarını daha çox artırdı".
Elçin Ağamalı qeyd edib ki, münaqişəsinin hərbi yolla və birdəfəlik həlli Rusiyanın Azərbaycana qarşı mövcud yeganə təsir vasitəsini ortadan qaldırmış oldu:
"Azərbaycanın qarşısında artıq daha böyük vəzifə dayanırdı. Cənubi Qafqaz regionunu Rusiyanın təsir dairəsindən çıxartmaq. Regionda davamlı sülh və mehriban birgəyaşayış məhz bu nəticənin əldə edilməsindən asılı idi. Bunun üçün dövlətimizə təqribən 5 il kifayət etdi. Ermənistanın Baş Naziri Nikol Paşinyanın Ağ Evdə Birgə Bəyannaməyə sadəcə ABŞ prezidentinin təklifi ilə imza atmasını düşünmək sadəlöhvlük və siyasi səbatsızlıq olardı. Nikol Paşinyan bu mövqeyə cənab İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində zamanla gəlmişdir.
Birgə Bəyannamənin imzalanmasından ötən bir il ərzində ölkələr sülh prosesinə sadiq olduqlarını əməli addımlarla ortaya qoydular. İki ölkə arasında münasibətlər genişləndikcə Ermənistan özünü artıq daha çox güvəndə hiss edir ki, bu da ona Rusiya ilə münasibətlərə daha praqmatik baxmağa imkan verir. Azərbaycan hər zaman qeyd edirdi ki regionun təhlükəsizliyinin və bağımsızlığının açarı münaqişənin həll olunmasından və ölkəmizlə sülh şəraitində birgəyaşayışdan keçir. Ermənistan dövləti artıq bu mövqenin müsbət nəticələrini hiss etməkdədir".
Elçin Ağamalının qənaətincə, Birgə Bəyannamənin imzalanmasından bir il zaman keçməsinə baxmayaraq iki ölkə arasında sülh prosesinə xidmət edən çox sayda fəaliyyət reallaşmışdır:
"10 avqust tarixində 3 ölkənin dövlət rəhbərlərinin Birgə Bəyannamənin ildönümü ilə bağlı Bəyanatında sülh prosesindəki müsbət dinamika yüksək dəyərləndirilmişdir.
TRİPP layihəsi üzrə artıq əməli addımlar atılmışdır və layihənin icrası üzrə işlər başlanılıb. Düşünürəm ki, sülh prosesi artıq geri dönüşü olmayan bir prosesdir və sülh sazişinin imzalanması üçün mövcud olan yeganə maneə-Ermənistanın Konstitusiyasında mövcud olan maddə da qısa zamanda ortadan qaldırılacaqdır.
Azərbaycanla Ermənistan arasındakı yaxınlaşmaya və sülhə təkan verən ABŞ prezidenti olsa da, onun memarı məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir".
Süleyman












































